Menyu

Əbu-Dabidə nələr müzakirə olunur?

Nərmin Qocamanlı
Əbu-Dabidə nələr müzakirə olunur?

Milli Məclisin deputatı Rizvan Nəbiyev Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Əbu-Dabidə keçirilən görüşdən danışıb.

Operativ Media-ya danışan deputat bildirib ki, bu görüş sülhün əldə olunması və dövlətlərarsı münasibətlərin qurulması yolunda çoxşaxəli məsələlərin müzakirəsini özündə ehtiva edir:

"Azərbaycan tərəfinin sülh sazişinin imzalanması ilə bağlı iki əsas məlum şərti var. Bu şərtlərin yerinə yetirilməsi və sazişin imzalanmasından sonra ratifikasiyası və implementasiyası məsələləri gündəmə gəlir. Həmçinin tərəflər arasında qarşılıqlı etimadın qurulması, dövlətlərarası münasibətlərin normallaşdırılması və iqtisadi əlaqələrin yaradılması kimi məsələlər də danışıqların əsas mövzuları sırasındadır. İqtisadi əlaqələrin qurulması, xüsusilə  Zəngəzur dəhlizinin açılmasını nəzərdə tutur. Bu isə avtomobil yolu, dəmir yolu və elektrik enerjisi şəbəkələri də daxil olmaqla, kompleks infrastruktur məsələlərini əhatə edir".

Rizvan Nəbiyev, həmçinin, Əbu-Dabinin bu görüş üçün seçilməsinin Azərbaycan və Ərəb Əmirlikləri arasında etimada əsaslanan möhkəm tərəfdaşlıq münasibətlərini göstərdiyini bildirib:

"Əbu-Dabinin görüş məkanı kimi seçilməsi region və regiondan kənardakı tərəflərə verilən həm də simvolik mesajdır.

Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması, diplomatik əlaqələrin qurulması, gərginliyin aradan qaldırılması, ümumilikdə regionda uzunmüddətli sabitliyin təmini baxımından Əbu-Dabi görüşü əhatəli müzakirələrə zəmin yaradır. Eyni zamanda, ərəb dünyası son dövrlərdə beynəlxalq münasibətlər sistemində bu cür danışıqlar üçün getdikcə daha önəmli bir platformaya çevrilir. Bu baxımdan, Əbu-Dabinin görüş məkanı kimi seçilməsi tərəflərin qarşılıqlı qərarıdır. Bu həm də onun sübutudur ki, tərəflər vasitəçilik olmadan onlara aid müşkül məsələləri həll etmək iqtidarındadırlar. Hansısa mərhələdə imzalanacaq sülh sazişi regionda hər hansı aktorun geosiyasi maraqlarına deyil, tərəf dövlətlərin xalqlarının mənafeyinə və təhlükəsiz şəraitdə inkişafına xidmət etməlidir.

Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında mövcud olan etibarlı tərəfdaşlıq münasibətləri də bu görüşə olan marağı, ən mühümü nəticə əldə edilməsinə yönəlik gözləntiləri artırır".

Teqlər:

"\u018fbu-Dabid\u0259 n\u0259l\u0259r m\u00fczakir\u0259 olunur?"

Əlaqəli Xəbərlər