ABŞ-nin Ukraynaya silah tədarükünü bərpa etmək şərti açıqlanıb

Əsəd Abbaslı
ABŞ-nin Ukraynaya silah tədarükünü bərpa etmək şərti açıqlanıb

Təhlükəsizlik üzrə ekspert Niko Lange “Bild” nəşrinə verdiyi müsahibədə bildirib ki, ABŞ Prezidenti Donald Tramp avropalı tərəfdaşların maliyyə dəstəyi ilə Ukraynaya silah tədarükünü bərpa etməyə hazırdır.

Operativ Media xəbər verir ki, Langenin sözlərinə görə, Trampın nəzərdə tutduğu silahlar həm müdafiə, həm də hücum xarakterlidir və onların maliyyələşdirilməsi Avropa ölkələrinin üzərinə düşəcək.

"Trampın yeni tədarükləri Ukraynanın avropalı tərəfdaşları tərəfindən ödənilməli olan Amerika silahlarıdır", -deyə o bildirib.

Ekspert əlavə edib ki, Tramp bu yanaşma ilə ABŞ-ın Ukraynaya dəstəyinin dayandırılmasını istəyən MAGA (“Amerikanı Yenidən Möhtəşəm Et”) hərəkatının mühafizəkar tərəfdarlarının narahatlığını azaltmağa çalışır.

Məlumatda həmçinin qeyd olunur ki, söhbət keçmiş prezident Co Baydenin dövründə Ukraynaya vəd edilmiş silah tədarüklərinin davam etdirilməsindən gedir.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ-ın Dövlət katibi Marko Rubio da oxşar mövqe sərgiləyərək bəyan etmişdi ki, Vaşinqtonun NATO üzrə müttəfiqləri Ukraynaya göndəriləcək Amerika silahlarının maliyyəsini tam şəkildə öz üzərlərinə götürəcəklər.

Digər xəbərlər