Tbilisidə yaşayış binasında uçqun olub - YENİLƏNİB

Əsəd Abbaslı
Tbilisidə yaşayış binasında uçqun olub - YENİLƏNİB

Tbilisidə damı uçmuş binanın dağıntıları altından daha bir nəfərin meyiti aşkarlanıb.

Operativ Media xəbər verir ki, bu barədə Tbilisi Polis İdarəsinin rəisi Vaja Siradze jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, axtarış işləri intensiv rejimdə davam etdirilir.

Tbilisi meriyasından bildirilib ki, bina sakinləri mehmanxanaya yerləşdiriləcək.

Qəzalı tikilinin sökülməsi və yerində yenisinin inşası ilə bağlı sakinlərlə danışıqlar davam etdiriləcək.

21:00

Gürcüstanın daxili işlər naziri Gela Geladze və Tbilisi meri Kaxa Kaladze şəhərdə bina uçqunu baş vermiş ərazidə olublar.

Operativ Media xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında hadisə nəticəsində bir nəfərin öldüyünü təsdiqləyib.

Onun sözlərinə görə, xəsarət alan bir nəfər xəstəxanaya yerləşdirilib.

G.Geladze hadisə ilə bağlı araşdırmaların aparıldığını qeyd edib.

K.Kaladze isə jurnalistlərə müsahibəsində bildirib ki, bina 5-ci dərəcəli qəzalı vəziyyətdə olub. Merin sözlərinə görə, tikilinin bərpası mümkünsüz olub və sakinlər bunu bilirdilər. O, binanın demontaj edilməsi üçün bütün sakinlərin razılığının əldə edilmədiyini vurğulayıb.

20:22

Tbilisidə “Vağzal meydanı” ərazisində yerləşən yaşayış binalarının birinin üst hissəsi uçub.

Operativ Media xəbər verir ki, hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.

Dağıntılar altında qalanların olub-olmadığı hələ məlum deyil.

Əraziyə polis qüvvələri, xilasedicilər və təcili tibbi yardım maşınları cəlb edilib. Hazırda hadisə yeri dağıntılardan təmizlənir və axtarış-xilasetmə işləri aparılır.

Digər xəbərlər