Qəzza zolağında bir gündə 90-dan çox fələstinli İsrail ordusunun həyata keçirdiyi əməliyyatlar, həmçinin humanitar yardım paylama məntəqələrindən birində baş verən izdiham nəticəsində həlak olub.
Operativ Media xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı tibbi mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, son 24 saat ərzində Qəzzada azı 93 fələstinli həyatını itirib. Onlardan 30-u humanitar yardımın paylandığı ərazilərdəki izdiham və hücumların qurbanı olub. İsrailin davam edən hücumları fonunda həlak olanların sayı artmaqda davam edir. “Əl-Cəzirə” xəbər verir ki, İsrail ordusu son saatlarda iki ölümcül hücumun qeydə alındığı Qəzza zolağını gecə saatlarında da bombalamaqda davam edib. Ordu tərəfindən Bureyc qaçqın düşərgəsindəki məktəbin hədəfə alınması nəticəsində 4 nəfərin, anklavın şimalında yerləşən Qəzza şəhərində yaşayış binasına edilən hücum zamanı isə 3 nəfərin həlak olduğu bildirilir.