Hindistan "Prithvi-II" və "Agni-I" adlı iki qısa mənzilli ballistik raketi uğurla sınaqdan keçirib.
Operativ Media xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi mətbuata açıqlamasında bildirib.
Sınaqlar Odişa ştatının şərqində yerləşən Çandipur poliqonunda keçirilib. Raketlər Strateji Qüvvələr Komandanlığının nəzarəti altında buraxılıb. Hindistanın hərbi idarəsi qeyd edib ki, bütün texniki və əməliyyat parametrləri təsdiqlənib.
"Prithvi-II" və "Agni-I" raketləri Hindistanın strateji arsenalının bir hissəsidir və dəqiq zərbələr endirmək üçün nəzərdə tutulub. "Prithvi-II" raketi 0,5 ilə 1 ton ağırlığında döyüş başlığı daşıya bilir və 250–350 kilometr məsafə qət etmək imkanına malikdir. O, raketdən yayınma texnologiyaları ilə təchiz olunub və müasir hədəfləmə sistemindən istifadə edir. Raketin mühərriki Sovet istehsalı olan B-755 zenit raketi (S-75 kompleksi) əsasında hazırlanıb.
"Agni" seriyalı ballistik raketlər Hindistan Müdafiə Nazirliyinin hərtərəfli idarə olunan raket inkişafı proqramının bir hissəsidir. Hazırda bu seriyaya daxil olan dörd fərqli raket növü xidmətdədir. "Agni-I" raketi 700 kilometr uçuş məsafəsinə malikdir.