Menyu

MSK: Paşinyan 50 faizdən çox səslə liderdir - YENİLƏNİB

Operativ Media
MSK: Paşinyan 50 faizdən çox səslə liderdir - YENİLƏNİB

Ermənistanda keçirilən parlament seçkilərinin ilkin nəticələri açıqlanıb.

Operativ Media xəbər verir ki, Ermənistan Mərkəzi Seçki Komissiyasının yaydığı ilkin məlumatlara əsasən, Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyası 57,14 faiz səslə seçkilərdə lider olub.

İkinci yerdə qərarlaşan Güclü Ermənistan siyasi qüvvəsi isə Samvel Karapetyanın dəstəyi ilə 21,43 faiz səs toplayıb.

Digər partiyalar üzrə nəticələrin dəqiqləşdirilməsi və yekun nəticələrin elan olunması prosesi davam edir.

07.06.2026

20:56

Ermənistanda parlament seçkiləri başa çatdıqdan sonra ilk exit-poll nəticələri açıqlanıb.

Operativ Media xəbər verir ki, ilkin sorğuların nəticələrinə əsasən, Ermənistanın Baş naziri Nikol Paşinyan 50 faizdən çox səslə rəqiblərini əhəmiyyətli fərqlə qabaqlayır.

Exit-poll nəticələrinə görə, Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvə ən yaxın rəqiblərini böyük fərqlə geridə qoyaraq lider mövqedədir.

Qeyd edək ki, exit-poll nəticələri rəsmi yekun nəticələr hesab olunmur və seçkilərin nəticələri Ermənistan Mərkəzi Seçki Komissiyasının açıqlayacağı rəsmi məlumatlardan sonra dəqiqləşəcək.

20:00

Ermənistanda parlament seçkiləri başa çatıb.

Operativ Media xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Saat 17:00-a olan məlumata görə, səsvermə hüququ olan əhalinin 48,9 faizi artıq öz seçimini edib. Yəni 2 milyon 503 min 976 seçicidən 1 milyon 224 min 957-si artıq səs verib.

Bu da 5 il bundan əvvəlki seçkidəki seçici fəallığından 11 faiz çoxdur.

Seçkilərdə ümumilikdə 18 siyasi qüvvə - iki blok və 16 partiya iştirak edib. Parlamentə girmək üçün partiyalara 4 %, bloklara isə 8 % (iki partiyaya qədər) və 10 % (ikidən çox partiya) hədd müəyyən edilib. Seçici iştirakı üçün hədd nəzərdə tutulmayıb.

15:30

Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) parlament seçkilərində saat 14:00-a olan seçici fəallığı ilə bağlı rəsmi məlumat yayıb.

Operativ Media xəbər verir ki, seçici fəallığı 33,84 faizə çatıb.

Rəsmi rəqəmlərə əsasən, ölkə üzrə səsvermə hüququ olan vətəndaşların 33,84 faizi, yəni 847 226 nəfər artıq seçki məntəqələrinə gələrək səs verib.

Paytaxt İrəvanda seçici fəallığı 33,38 faiz təşkil edib. Regionlar üzrə ən yüksək fəallıq 39,02 faizlə Sünik (Zəngəzur) vilayətində qeydə alınıb.

Ən aşağı göstərici isə 30,39 faizlə Armavir vilayətində qeydə alınıb.

12:40

Ermənistanda keçirilən parlament seçkilərində saat 11:00-a olan məlumata görə, seçicilərin 14,48 faizi səsvermədə iştirak edib.

Operativ Media xəbər verir ki, məlumatı Ermənistan Mərkəzi Seçki Komissiyasının üzvü Anna Qriqoryan açıqlayıb.

Bildirilib ki, ölkə üzrə seçici siyahılarında 2 milyon 503 min 976 nəfərin adı yer alır. Səsvermənin ilk üç saatı ərzində 362 min 657 vətəndaş seçki məntəqələrinə gələrək öz seçimini edib.

Ən yüksək seçici fəallığı Tavuş vilayətində qeydə alınıb. Burada seçicilərin 17,84 faizi səsvermədə iştirak edib. Sonrakı yerlərdə 17,55 faizlə Sünik və 16,02 faizlə Kotayk vilayətləri qərarlaşıb.

Paytaxt İrəvanda isə seçici fəallığı ölkə üzrə orta göstəriciyə yaxın olub. Şəhərdə qeydiyyatda olan 849 min 488 seçicidən 122 min 856 nəfəri səsvermədə iştirak edib ki, bu da 14,46 faizə bərabərdir.

09:15

Ermənistanda yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə üst-üstə düşür) parlament seçkilərində səsvermə başlayıb.

Operativ Media Ermənistan Mərkəzi Seçki Komissiyasına (MSK) istinadən xəbər verir ki, ölkədə 2 milyon 485 min 851 nəfər səsvermə hüququna malikdir.

Ölkə üzrə 2 min 5 seçki məntəqəsi açılıb. Səsvermə saat 20:00-da başa çatacaq.

Bu seçkilərin nəticələri Ermənistanın yeni baş nazirini də müəyyənləşdirəcək.

Seçkilərdə ümumilikdə 18 siyasi qüvvə - iki blok və 16 partiya iştirak edir. Parlamentə girmək üçün partiyalara 4 %, bloklara isə 8 % (iki partiyaya qədər) və 10 % (ikidən çox partiya) hədd müəyyən edilib. Seçici iştirakı üçün hədd nəzərdə tutulmayıb.

Seçkiqabağı kampaniya əhəmiyyətli xarici təsir şəraitində keçib və ekspertlərin qiymətləndirmələrinə görə, bunun əsas mənbəyi Rusiya olub. 

Ölkənin aidiyyəti qurumları müxalif bloklar və partiyalar tərəfindən seçicilərin ələ alınması cəhdlərini dəfələrlə qeydə alıb.

"GALLUP International Association"ın Ermənistan nümayəndəliyinin keçirdiyi sorğunun məlumatlarına əsasən, opponentlərin 32,4 %-i hazırkı baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" Partiyasına səs verməyə hazırdır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər