Netanyahu HƏMAS tərksilah olunana qədər Qəzzadan çəkilməyəcəklərini bildirib
İsrail radikal HƏMAS hərəkatı tam tərksilah edilməyənə qədər Qəzza zolağındakı mövqelərindən geri çəkilməyəcəyini bəyan edib.
Operativ Media xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu "Ynet" portalına açıqlamasında bildirib.
Hökumət rəhbəri təhlükəsizlik maraqlarını qətiyyətlə müdafiə etdiyini və HƏMAS tərksilah olunana qədər mövcud mövqelərdən geri çəkilməyəcəklərini vurğulayıb. B.Netanyahu ABŞ prezidenti Donald Tramp və onun komandasının Qəzzanı demilitarizasiya etmək niyyətində olduğunu bildirib. O, Vaşinqtonun təqdim etdiyi layihə ilə razılaşmadıqlarını və İsrailin öz qeydlərini qarşı tərəfə göndərdiyini əlavə edib. Baş nazir, həmçinin Qəzzadakı hərbçilərə özlərini və ölkə vətəndaşlarını qorumaq üçün lazımi addımlar atmaq əmri verildiyini qeyd edib.
Baş nazirin müşaviri Dmitri Qendelman da İsrailin hər hansı proses üçün ön şərt kimi HƏMAS-ın tam tərksilah olunmasını və anklavın hərbisizləşdirilməsini tələb etdiyini açıqlayıb. O, 15 bəndlik sənəd layihəsinin bu tələblərə cavab vermədiyini və etirazların xüsusi nümayəndə Toni Blerə çatdırıldığını diqqətə çatdırıb. Müşavir vurğulayıb ki, tərksilah həyata keçirilmədən İsrail ordusunun "sarı xətt"dən geri çəkilməsi mümkün deyil.
Bununla yanaşı, Qəzza üzrə Sülh Şurasının ali nümayəndəsi Nikolay Mladenov vasitəçi dövlətlərin İsrailin son zərbələrindən sonra gərginliyi azaltmağa çalışdıqlarını bəyan edib.
Xatırladaq ki, 2025-ci ilin yanvarında ABŞ, Misir və Qətərin vasitəçiliyi ilə tərəflər arasında iki mərhələdən ibarət atəşkəs razılaşması əldə olunmuşdu. Birinci mərhələ döyüşlərin dayandırılmasını, əsirlərin azad olunmasını, humanitar yardımın artırılmasını və qoşunların qismən çıxarılmasını nəzərdə tuturdu. 2026-cı il iyulun 30-da isə ABŞ prezidenti Donald Tramp HƏMAS birləşmələrinin tam tərksilah edilməsini əhatə edən ikinci mərhələ üzrə razılığın əldə olunduğunu bildirmişdi.