Göyçayda gavalının cibcibə virusu aşkarlanan bağlarda mübarizə tədbirləri görülüb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisinin karantin tətbiq edilən zərərli orqanizmlərdən mühafizəsi və onların yayılmasının qarşısının alınması məqsədilə fitosanitar monitorinqləri davam etdirir.
Operativ Media xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bu çərçivədə Göyçay rayonunun Mallı-Şıxlı kəndində fiziki şəxs Mədinə Adil qızı Karahana və hüquqi şəxs “Göynar Agro” MMC-yə məxsus meyvə bağlarında fitosanitar monitorinqlər aparılıb. Şaftalı və nektarin bitkilərindən götürülən nümunələrin laborator müayinəsi nəticəsində karantin tətbiq edilən zərərli orqanizm – Gavalının cibcibə virusu aşkarlanıb. Virus ocağının ləğv edilməsi məqsədi ilə fitosanitar mübarizə tədbirləri görülüb.
AQTA meyvəçilik fəaliyyəti ilə məşğul olan bütün təsərrüfat subyektləri sahiblərinə bitkilərdə virus xəstəliklərinə xas əlamətlər müşahidə edildiyi halda, bu barədə dərhal Agentliyin müvafiq regional bölmələrinə məlumat vermələrini tövsiyə edir.
Gavalının cibcibə virusunun erkən mərhələdə aşkar edilməsi və yoluxmuş bitkilərlə bağlı vaxtında tədbirlərin görülməsi zərərli orqanizmin yayılmasının qarşısının alınması, meyvə bağlarının fitosanitar vəziyyətinin qorunması və məhsuldarlığın davamlılığının təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.