Moped alarkən nələrə diqqət etmək lazımdır? – Vacib tövsiyələr
Yeni moped alarkən alıcı ilk növbədə onun markasına və istehsalçısına diqqət etməlidir. Tanınmış və etibarlı markalara üstünlük vermək gələcəkdə servis və ehtiyat hissələri ilə bağlı problemlərin qarşısını almağa kömək edir.
Bu sözləri Operativ Media-ya nəqliyyat üzrə texniki ekspert Razil Nağıyev deyib.
O bildirib ki, mopedin Azərbaycanda rəsmi servis xidmətinin və ehtiyat hissələrinin olub-olmaması əvvəlcədən araşdırılmalıdır.
Bundan əlavə, zəmanət şərtləri diqqətlə öyrənilməlidir. Zəmanətin müddəti, hansı hissələrə şamil olunması və texniki xidmətin harada həyata keçirilməsi satıcıdan dəqiqləşdirilməlidir:
“Mühərrikin həcmi və gücü də seçim zamanı əsas amillərdəndir. Gündəlik şəhər istifadəsi üçün 110–125 cc mühərrikli modellər daha praktik ola bilər. Yanacaq sərfiyyatı, yanacaq çəninin həcmi və bir çənlə gedə biləcəyi məsafə də nəzərə alınmalıdır.
Təhlükəsizlik baxımından əyləc sisteminə, təkərlərin ölçüsünə və keyfiyyətinə, həmçinin amortizatorlara xüsusi diqqət yetirmək lazımdır. Mümkün olduqda disk əyləc sistemi olan modellərə üstünlük vermək daha məqsədəuyğundur.
Moped yeni olsa belə, onun istehsal ili və istehsal tarixi mütləq yoxlanılmalıdır. Həmçinin mühərrik və şassi/VIN nömrələrinin təqdim olunan sənədlərlə uyğunluğu dəqiqləşdirilməlidir.
Alıcı mopedin komplektasiyasına da diqqət yetirməlidir.
Qiymətlərə gəldikdə, hazırkı bazarda 50 cc benzinli mopedləri təxminən 550–1 500 AZN, elektrik mopedləri 1 500–3 500 AZN, 125–150 cc mühərrikli modelləri isə təxminən 1 500–3 500 AZN aralığında tapmaq mümkündür. Qiymət mopedin markasından, istehsal ilindən, mühərrik gücündən, komplektasiyasından və zəmanət şərtlərindən asılı olaraq dəyişir”.
