Menyu

Qaz kəsintisi zamanı abonent kompensasiya tələb edə bilər?

Ayşən Sadıxzadə
Qaz kəsintisi zamanı abonent kompensasiya tələb edə bilər?

Azərbaycan Respublikasının “Qaz təchizatı haqqında” Qanununun 15-ci maddəsinə əsasən, qazın verilməsi yalnız qanunda nəzərdə tutulan hallarda dayandırıla bilər. Bunlara borcun ödənilməməsi, müqavilənin olmaması, qəza və təmir-profilaktika işləri, məhkəmə qərarı və qanunda göstərilən digər hallar aiddir.

Bu sözləri Operativ Media-ya vəkil Səma Əhmədova deyib.

O bildirib ki, eyni zamanda, qanun istehlakçının mühüm təminatlarını müəyyən edir. Belə ki, planlı təmir-profilaktika işləri aparılarkən istehlakçıya ən azı 3 gün əvvəl yazılı qaydada xəbərdarlıq edilməlidir. Xəbərdarlığın istehlakçı tərəfindən alındığını sübut etmək vəzifəsi isə qaz nəqli və ya qazpaylayıcı sistem operatorunun üzərinə düşür:

“Bundan əlavə, qanuni əsasla kəsintiyə səbəb olmuş hal aradan qaldırıldıqdan sonra qaz təchizatı 1 gün müddətində bərpa edilməlidir. Xüsusilə qeyd etmək lazımdır ki, borcunu vaxtında ödəyən abonentin qazının, başqa istehlakçının borcuna görə dayandırılması yolverilməzdir. Qanun belə hallarda fərdi yanaşmanı tələb edir.

Bəs qanunsuz və ya qaydalara zidd qaz kəsintisi nəticəsində zərər yaranarsa?

Bu halda istehlakçının zərərin ödənilməsini tələb etmək hüququ yarana bilər. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 9-cu maddəsi xidmətin lazımi qaydada göstərilməməsi və müqavilə şərtlərinin pozulması zamanı istehlakçıya itkilərin ödənilməsini tələb etmək hüququ verir. Qanunda müəyyən edilmiş hallarda dəbbə pulu və digər tələblərin irəli sürülməsi də mümkündür.

Məsələn, qanunsuz kəsinti nəticəsində istehlakçı əlavə xərc çəkməyə məcbur olubsa və həmin xərc sənədlərlə təsdiqlənirsə, onun əvəzinin tələb edilməsi məsələsi ortaya çıxa bilər. Lakin qazın hər kəsilməsi avtomatik olaraq kompensasiya ödənilməsi demək deyil. Bunun üçün kəsintinin qanunsuz olması, istehlakçıya real zərərin dəyməsi və həmin zərərlə qaz təchizatının pozulması arasında səbəbli əlaqənin mövcudluğu əsaslandırılmalıdır.

Bu baxımdan, abonent qaz kəsildikdə kəsintinin vaxtını, müddətini və səbəbini mümkün qədər sənədləşdirməli, operatora yazılı müraciət etməli və yaranmış zərərlə bağlı ödəniş sənədlərini, aktları və digər sübutları saxlamalıdır.

Nəticə olaraq, qaz təchizatında fasilənin özü deyil, onun qanuni əsas olmadan və ya qanunla müəyyən edilmiş prosedur pozulmaqla həyata keçirilməsi və nəticədə istehlakçıya zərər vurulması kompensasiya tələbinin hüquqi əsasını yarada bilər. Buna görə də hər bir konkret halda həm kəsintinin hüquqi əsası, həm xəbərdarlıq proseduru, həm də yaranmış zərərin sübutları ayrıca qiymətləndirilməlidir”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər