Bədənimizi necə düzgün "yanacaq"la təmin edək?
"Sağlam qidalanmaq mütləq bahalı məhsullar almaq demək deyil. Biz çox vaxt düzgün qidalanmanı baha qiymətə satılan qidalarla səhvən eyniləşdiririk".
Bu sözləri Operativ Media-ya açıqlamasında dietoloq Ceyhunə Yusifova deyib.
Onun sözlərinə görə, sağlam olmaq üçün hər gün avokado, qızılbalıq, çia toxumu, badam südü və ya üzərində "fit", "diet", "şəkərsiz" yazılan bahalı məhsulları almağa ehtiyac yoxdur:
"Bunlar sadəcə əlavə seçimlərdir, rasionun əsasını təşkil etmir. Yumurta, mövsümi tərəvəzlər, göyərti, qatıq, ayran, toyuq, balıq, mərci, lobya, noxud, yulaf və qarabaşaq kimi sadə və hər kəs üçün əlçatan qidalarla da çox balanslı bir menyu hazırlamaq mümkündür.
Burada məsələ yalnız marketdə ödədiyimiz pula baxmaq deyil. Keyfiyyətsiz qidalanmanın da sonradan ödədiyimiz gizli bir "qiyməti" var. Bu gün sağlam qidaya xərclədiyimiz pul bizə çox görünə bilər. Lakin bədən illərlə düzgün qidalanmadıqda ortaya çıxan xəstəliklər, həkim müayinələri, analizlər və dərmanlar heç də ucuz başa gəlmir. Bəzən itirilmiş sağlamlığı bərpa etmək üçün aylarla, hətta illərlə böyük məbləğlər xərcləyirik. Halbuki vaxtında bədənimizə keyfiyyətli qida vermək lazımdır. Yəni sağlam qidaya ayrılan pul xərc deyil, öz sağlamlığımıza qoyduğumuz investisiyadır.
Düzgün qidalanmaq bütün xəstəliklərin qarşısını ala bilməsə də, xroniki problemlərin yaranma riskini ciddi şəkildə azaldır. Hər gün alınan şirniyyatlar, paketlənmiş qidalar, fast-fud, şirin içkilər, hazır souslar və kolbasa-sosis məhsulları ayrı-ayrılıqda ucuz görünə bilər. Lakin ayın sonunda bunları toplayanda kifayət qədər böyük məbləğ alındığını görürük.
Sağlam qidalanmaq az yemək və ya sadəcə arıqlamaq üçün deyil. Biz bununla orqanizmimizə lazımi zülal, lif, vitamin və keyfiyyətli enerji veririk. Ən yaxşı qidalanma proqramı da insanın çətinlik çəkmədən, uzun müddət öz həyat tərzinə uyğunlaşdıra bildiyi proqramdır".
dəqiqələr içində saytın olsun.