İşçinin fərdi məlumatlarını yayan şəxsi hansı cəza gözləyir?
Əmək Məcəlləsinin 48-ci maddəsinin 7-ci bəndinə əsasən, əmək müqaviləsi bağlanıldıqdan sonra işçilərlə bağlı elektron informasiya sistemində mövcud olan əmək fəaliyyətinə dair ümumi məlumatların, o cümlədən həmin və ya digər işəgötürənlə əvvəllər bağlanılmış əmək müqavilələrinin, onlarda dəyişiklik edilməsi və ya onlara xitam verilməsi ilə bağlı məlumatların işəgötürənə ötürülməsi istisna olmaqla, şəxsin əmək fəaliyyəti barədə məlumatların digər şəxslərə ötürülməsi “Fərdi məlumatlar haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir.
Operativ Media xəbər verir ki, qanunvericiliyin tələbini “vergiler.az“a əmək qanunvericiliyi üzrə ekspert Kəmalə Yusifova şərh edib.
“Fərdi məlumatlar haqqında” Qanunun 5-ci maddəsinə əsasən, konfidensial fərdi məlumatlar qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun səviyyədə mülkiyyətçi, operator və bu məlumatlara giriş hüququ olan istifadəçilər tərəfindən mühafizə olunmalıdır. Konfidensial fərdi məlumatlar, qanunla müəyyən olunmuş hallar istisna olmaqla, üçüncü şəxslərə yalnız subyektin razılığı əsasında verilə bilər.
Telekommunikasiya, poçt rabitəsi, ünvan və digər sahələr üzrə cəmiyyətin informasiya təminatını ödəmək məqsədi ilə ümumi istifadəli informasiya sistemlərinə subyektin yazılı (o cümlədən Elektron Hökumət İnformasiya Sistemi üzərindən) razılığı əsasında onun təqdim etdiyi məlumatlar (adı, soyadı, atasının adı, doğulduğu tarix və yer, cinsi, vətəndaşlığı, telefon nömrəsi və elektron ünvanı, yaşadığı və olduğu yer, ixtisası və iş yeri, məşğul olduğu fəaliyyət növü, ailə vəziyyəti, şəkli və digər məlumatlar) daxil edilə bilər.
“İnformasiya əldə etmək haqqında” Qanunun 38-ci maddəsinə görə, fərdi məlumatlar şəxsi və ailə həyatına dair məlumatların məcmusudur. Əldə olunmasına məhdudiyyətlər qoyulan şəxsi həyata dair məlumatlar aşağıdakılardır:
- qanunla müəyyənləşdirilmiş qaydada qeydə alınan özəl hüquqi şəxslərdə, üzvlüyə dair məlumatlar istisna olmaqla, siyasi baxışları, dini etiqadları, əqidələri və dünyagörüşlərini əks etdirən məlumatlar;
- etnik mənşə və ya irqi mənsubiyyət haqqında məlumatlar;
- cinayət işləri və ya digər hüquq pozuntularına dair işlər üzrə icraatın gedişində toplanmış informasiyalar - açıq məhkəmə iclasınadək və ya hüquq pozuntusuna dair məhkəmə qərarı çıxarılanadək, yaxud insanların mənəviyyatı, şəxsi və ailə həyatının müdafiəsi, yetkinlik yaşına çatmayanın, zərərçəkənin və ya şahidin mənafeyi, yaxud ədalət mühakiməsinin həyata keçirilməsi üçün tələb edilən hallarda;
- şəxsin məhkumluğu barədə məlumatlar;
- sağlamlıq vəziyyəti haqqında məlumatlar;
- şəxslərin özəl xüsusiyyətləri, qabiliyyətləri və xarakterlərinin digər cizgiləri haqqında məlumatlar;
- sosial yardım və sosial xidmətlər göstərilməsinə dair vəsatətlər barəsində məlumatlar;
- ruhi və fiziki əzablara dair məlumatlar;
- şəxsə qarşı məişət zorakılığının törədilməsinə dair məlumatlar;
- vergi ödənişləri üzrə borclar istisna olmaqla, vergitutma ilə əlaqədar məlumatlar;
- maliyyə əməliyyatları barədə məlumatlar.
İşçiyə arayışların, xasiyyətnamənin verilməsi və onların başqa yerlərə göndərilməsi şərtləri Əmək Məcəlləsinin 88-ci maddəsində öz əksini tapıb.
İşəgötürən işçinin müraciəti əsasında ona vəzifəsi (peşəsi), müvafiq dövr ərzində qazancı barədə arayış, arxiv məlumatları, şəxsi sənədlərinin təsdiq edilmiş surətlərini, habelə onun peşəkarlıq, işgüzarlıq səviyyəsini və digər şəxsi xüsusiyyətlərini xarakterizə edən xasiyyətnamə verməyə, o cümlədən elektron informasiya sistemi vasitəsilə işçinin informasiya sistemində yaradılan elektron kabinetinə göndərməyə borcludur. İşəgötürən işçinin şəxsiyyəti və ya onun əmək fəaliyyəti barədə məlumatları başqa işəgötürənə və ya müvafiq hakimiyyət orqanlarına, habelə digər yerlərə yalnız onların yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) sorğusu və işçinin razılığı ilə göndərə bilər. İşçi haqqında tərtib edilmiş xasiyyətnamənin, zəmanətin, işçinin şəxsi sənədlərinin, onların surətlərinin və digər sənədlərin məzmunu ilə onu tanış etmədən işəgötürən tərəfindən başqa yerə göndərilməsi yolverilməzdir. Müsbət məzmunlu xasiyyətnamə ilə, zəmanətlə işçi tanış edilmədən onların başqa yerə göndərilməsinə yol verilir. Bu halda işəgötürən həmin sənədlərin hara göndərildiyi barədə işçiyə məlumat verməlidir.
Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən, əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallardan biri də “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən konfidensial hesab edilən xüsusi kateqoriyalı fərdi məlumatların yayılmasıdır. Bu halda işçiyə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilə bilər.
Şəxsi məlumatların yayılması ilə bağlı cinayət qanunvericiliyində də cəzalar nəzərdə tuttlub. Cinayət Məcəlləsinin 156-cı maddəsinə əsasən, şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi, qanunsuz toplanılması 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 240 saatdan 480 saatadək ictimai işlər və ya 1 ilədək müddətə islah işləri ilə cəzalandırılır.
dəqiqələr içində saytın olsun.