Deputat: Azərbaycan BMT ilə əməkdaşlığa böyük əhəmiyyət verir

Nərmin Qocamanova
Deputat: Azərbaycan BMT ilə əməkdaşlığa böyük əhəmiyyət verir

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Millətlər Təşkilatının Nyu-York şəhərində keçirilən tədbirlər çərçivəsində həyata keçirdiyi rəsmi səfər ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolunun bariz nümunəsidir. Bu səfər Azərbaycan diplomatiyasının strateji hədəflərinin reallaşmasında mühüm mərhələ olmaqla yanaşı, həm də dövlətimizin dünyada artan nüfuzunu bir daha təsdiq etmişdir".

Bu sözləri Operativ Media-ya açıqlamasında millət vəkili Şahin Seyidzadə deyib. 

Şahin Seyidzadə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sədri  təyin edilib

Deputat bildirib ki, Azərbaycan müstəqillik illərində BMT ilə əməkdaşlığa böyük əhəmiyyət verərək qlobal təşəbbüslərin dəstəklənməsində və həyata keçirilməsində fəal iştirak etmişdir:

"Azərbaycan BMT-nin 2030-cu il Dayanıqlı İnkişaf Gündəliyinin icrasında fəal iştirak edən ölkələrdən biridir. İlham Əliyevin bu platformada səsləndirdiyi fikirlər ölkəmizin qlobal çağırışlara verdiyi cavabları əks etdirərək, Azərbaycanın beynəlxalq öhdəliklərinə sadiqliyini göstərmişdir. Nyu-York səfəri çərçivəsində Prezident İlham Əliyevin müxtəlif dövlətlərin rəhbərləri və beynəlxalq təşkilatların nümayəndələri ilə keçirdiyi görüşlər Azərbaycanın diplomatik əlaqələrinin genişlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu görüşlərdə regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq, enerji və nəqliyyat layihələri, iqlim dəyişikliyi, humanitar məsələlər kimi mövzular müzakirə olunmuşdur”. 

Şahin Seyidzadə əlavə edib ki, Azərbaycanın təşəbbüsləri xüsusən də enerji təhlükəsizliyi sahəsindəki layihələri dünyanın bir çox ölkələri üçün strateji əhəmiyyət daşıyır: “Prezident İlham Əliyevin qarşılıqlı əməkdaşlığa dair verdiyi mesajlar, Azərbaycanın həm region, həm də qlobal miqyasda etibarlı tərəfdaş olduğunu bir daha nümayiş etdirmişdir. Prezident İlham Əliyevin Nyu-York səfərində ən mühüm məsələlərdən biri Azərbaycanın 2020-ci ildə əldə etdiyi tarixi Qələbədən sonra yaranmış yeni reallıqların beynəlxalq ictimaiyyətə çatdırılması olmuşdur. Dövlət başçısı Ermənistanın uzun illər ərzində həyata keçirdiyi işğalçılıq siyasəti, müharibə cinayətləri və Azərbaycanın ərazi bütövlüyünün bərpası prosesindən sonra bölgədə formalaşan yeni təhlükəsizlik mühitini diqqətə çatdırmışdır. Bu baxımdan İlham Əliyevin görüşlərində səsləndirdiyi arqumentlər Azərbaycanın haqq səsini dünyaya çatdırmaqla yanaşı beynəlxalq ictimaiyyətin diqqətini Cənubi Qafqazda sülh və əməkdaşlıq üçün yaranmış imkanlara yönəltmişdir. Nyu-York səfəri çərçivəsində Prezident İlham Əliyev həmçinin, enerji təhlükəsizliyi və iqlim dəyişikliyi məsələlərinə dair vacib təşəbbüslərlə çıxış etmişdir. 

Azərbaycanın bərpa olunan enerji sahəsində həyata keçirdiyi genişmiqyaslı layihələr, həm regional, həm də qlobal miqyasda xüsusi əhəmiyyət kəsb edir. Bu təşəbbüslər Azərbaycanın 2024-cü ildə COP29-a ev sahibliyi etməsi fonunda xüsusilə diqqətəlayiqdir. Prezident İlham Əliyevin Nyu-Yorkdakı çıxışları, Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə məsuliyyətli ölkə olduğunu, qlobal enerji bazarında isə etibarlı tərəfdaş kimi çıxış etdiyini bir daha göstərmişdir. Prezident İlham Əliyevin BMT-nin Nyu-York sammiti çərçivəsindəki səfəri, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun yüksəldiyini təsdiqləyən mühüm hadisədir. Dövlət başçısının strateji baxışları və qlobal məsələlərə verdiyi praqmatik yanaşma Azərbaycanın etibarlı, sülhsevər və əməkdaşlığa açıq ölkə imicini möhkəmləndirir. Azərbaycanın təşəbbüsləri xüsusilə də nəqliyyat dəhlizlərinin inkişafı, enerji təhlükəsizliyi və multikulturalizm sahəsindəki fəaliyyəti, beynəlxalq tərəfdaşlar tərəfindən yüksək qiymətləndirilir. Nyu-York səfəri bu istiqamətdə əldə olunan uğurların beynəlxalq ictimaiyyətə təqdim olunması baxımından mühüm əhəmiyyət kəsb etmişdir".

Ayşən Sadıxzadə

Digər xəbərlər