Bakıda taksi qiymətləri artacaq?

Xəbər verdiyimiz kimi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası avtobus marşrutları və metroda sərnişindaşıma üzrə yeni tariflər müəyyən edib.
Operativ Media nazirliyə istinadən xəbər verir ki, Azərbayanda avtobus və metroda gedişhaqqı 60 qəpiyə qaldırılıb.
Bəs taksi qiymətlərində artım gözlənilirmi?
Mövzu ilə bağlı Operativ Media-ya nəqliyyat eksperti Eldəniz Cəfərov danışıb.
O, bildirib ki, hazırda taksi xidmətlərində qiymətlərin artımı müşahidə edilmir:
"Əslində, qiymətlər artıq müəyyən qədər yüksəldiyi üçün onların ucuz olduğunu söyləmək mümkün deyil. Son dəyişiklik əsasən tarif siyasətində baş verib və bu dəyişiklik qiymətlərin faktiki olaraq yüksəlməsinə gətirib çıxarıb".
Onun sözlərinə görə, yeni tədris ilinin başlaması ilə bağlı taksi şirkətləri tərəfindən müəyyən qiymət dəyişikliyi həyata keçirilib: “Bu səbəbdən yaxın dövrdə, xüsusilə ilin sonuna qədər əlavə qiymət artımı gözlənilmir. Başqa sözlə, cari qiymətlərin sabit qalacağı ehtimalı yüksəkdir”.
“Dövlətin digər sahələrdə həyata keçirdiyi qiymət dəyişikliyi taksi xidmətlərinə birbaşa təsir etmir və bu istiqamətdə qiymət artımına əsas yaratmır. Əgər hər hansı taksi şirkəti süni şəkildə mövcud vəziyyətdən istifadə edərək qiymətləri qaldırmağa çalışarsa, bu halda müvafiq nəzarət qurumlarının müdaxiləsi zəruri olacaq”, - o, qeyd edib.
Ayşən Sadıxzadə