İran 48 ildən sonra ABŞ-dən ilk dəfə təzminat alıb
İran İslam Respublikasının mövcud olduğu 48 il ərzində ilk dəfə ABŞ-yə qarşı məhkəmə prosesi nəticəsində maliyyə təzminatı əldə edib və bu ölkəyə məxsus əmlakı müsadirə edib.
Operativ Media xəbər verir ki, bu barədə “EB Evi” qeyri-hökumət təşkilatının baş direktoru Həmid Haşemi Qolpayeqani məlumat verib. O, imam Xomeyni adına məhkəmə kompleksində keçirilən forumda çıxışı zamanı bu barədə danışıb. Məlumatı “Fars” agentliyi yayıb.
Qolpayeqaninin sözlərinə görə, ABŞ-nin sanksiyaları nəticəsində dəridə qabarcıqların yaranması ilə müşayiət olunan irsi xəstəlikdən əziyyət çəkən pasiyentlərin xüsusi sarğı vasitələri ilə təminatında problemlər yaranıb. “Kəpənək xəstəliyi” kimi tanınan bu xəstəlikdən əziyyət çəkən şəxslərin hüquqlarının müdafiəsi məqsədilə təşkilat 2018–2019-cu illərdə hüquqi prosesə başlayıb.
O bildirib ki, 2021–2022-ci illərdə xəstələrin ailələri məhkəmə orqanlarına müraciət ediblər. İşə hüquq-mühafizə strukturlarının, o cümlədən İslam İnqilabı Keşikçiləri Korpusu və ordunun bölmələrinin iştirakı ilə baxılıb.
Məhkəmə prosesi çərçivəsində neft yükü həbs edilib. Əldə olunan vəsaitin məqsədi müəyyənləşdirilmiş zərərin xəstələrin xeyrinə ödənilməsi və vəsaitin qanunvericiliyə uyğun şəkildə onlar arasında bölüşdürülməsi olub.