Azərbaycan və İtaliya arasında çoxölçülü strateji tərəfdaşlıq mövcuddur - ŞƏRH

Nərmin Qocamanlı
Azərbaycan və İtaliya arasında çoxölçülü strateji tərəfdaşlıq mövcuddur - ŞƏRH

"Azərbaycan və İtaliya arasında əməkdaşlığı xarakterizə edən əsas xüsusiyyət çoxölçülü strateji tərəfdaşlıq münasibətlərinin mövcudluğudur. Dövlət başçıları səviyyəsində intensiv siyasi dialoq və etibarlı münasibətlərin mövcudluğu sahəvi qurumlar arasında da əməkdaşlıq üçün baza rolunda çıxış edir".

Bu sözləri Operativ Media-ya açıqlamasında Milli Məclisin deputatı Rizvan Nəbiyev bildirib.

Deputat bildirib ki, Azərbaycan digər ölkələrlə münasibətlərini qarşılıqlı faydalı tərəfdaşlıq və suveren bərabərlik əsasında qurur:

"Bu əməkdaşlıqlar heç bir halda üçüncü dövlətə qarşı yönəlmir. Məsələn, Azərbaycan İtaliya ilə həmçinin müdafiə sənayesi sahəsində əməkdaşlıq edir. İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan “C-27J Spartan” tipli hərbi təyyarəsinin alıcılarından biridir. Bu sahədə əməkdaşlıq da açıq şəkildə həyata keçirilir".

Rizvan Nəbiyev vurğulayıb ki, Azərbaycan qazının ixracı ildən-ilə artır və bu prosesdə İtaliya mühüm tranzit və təchizat mərkəzi rolunu oynayır:

"Belə ki, Azərbaycan qazı İtaliyaya çatdırıldıqdan sonra interkonektorlar vasitəsilə paylanır. Hazırda Azərbaycan İtaliyanın qaz təchizatında ikinci yerdədir ki, bu da ikitərəfli əməkdaşlıq üçün böyük strateji əhəmiyyət daşıyır. Ümumilikdə isə Azərbaycanın qaz ixracı strategiyasında 14 dövlətlə əməkdaşlıq yer alır, onların 8-i Avropa İttifaqına üzv ölkələrdir.

Enerji əməkdaşlığı ticarət dövriyyəsinin artımına də ciddi təsir göstərir. Ötən ilin statistik məlumatlarına görə, Azərbaycan–İtaliya ticarət dövriyyəsi 11 milyard ABŞ dollarını ötüb və bu ilin birinci yarısında da dinamik artım müşahidə olunur. Bu göstəricidə müsbət saldo Azərbaycanın xeyrinədir. Əsasən neft və qaz ixracı hesabına formalaşan bu nəticə Azərbaycanın Avropa və dünya bazarına çıxışında İtaliyanın xüsusi mövqeyini təsdiqləyir. İtaliya həm qlobal, həm də Avropa İttifaqı çərçivəsində Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. Avropa İttifaqı üzvü dövlətlər arasında sonrakı yerləri Almaniya, Çexiya və İspaniya tutur.

Statistikaya görə, Azərbaycanın ümumi ixracının təqribən 70 faizi Avropa İttifaqı ölkələrinin payına düşür. Bunun da təxminən beşdə birindən də çoxu İtaliyaya yönəlir. Bu fakt İtaliyanın Azərbaycanın əsas ticarət tərəfdaşı statusunu daha da gücləndirir".

Deputat bildirib ki, Azərbaycan–İtaliya münasibətlərinin digər mühüm istiqaməti “people-to-people connection” kimi xarakterizə olunan insanları yaxınlaşdıran əməkdaşlıqdır:

"Mentalitet yaxınlığı mədəniyyət və təhsil sahəsində əməkdaşlıqda da özünü göstərir. 2020-ci ildə Prezident İlham Əliyevin Romaya səfəri zamanı ADA Universiteti ilə İtaliyanın aparıcı universitetləri arasında əməkdaşlıq haqqında anlaşma memorandumları imzalanmışdır. Bu çərçivədə Roma “La Sapienza” Universiteti, Turin Universiteti, Bolonya Universiteti, Luis Universiteti və Milan Politexnik Universiteti ilə ADA Universiteti arasında ərsəyə gələn bu akademik əməkdaşlıq bazasında İtaliya-Azərbaycan Universitetinin əsası qoyuldu".

Qeyd edək ki, İtaliya Prezidenti Sercio Mattarella sentyabrın 30-da Azərbaycana səfər edib. Səfər çərçivəsində Azərbaycan Prezidenti ilə İtaliya Prezidenti arasında təkbətək və geniştərkibli görüşlər olub. Oktyabrın 1-də liderlər İtaliya-Azərbaycan Universitetinin açılışını ediblər. 

Digər xəbərlər