Yeni taksi qaydaları kimlərə şamil edilir?
"Hazırda tətbiq edilən 25 min taksi limiti, şəhər daxilində nəqliyyat sıxlığının azaldılması məqsədilə müəyyən edilib. Bu qərarın əsas məqsədi, şəhər mərkəzində tıxacların qarşısını almaq və vətəndaşları ictimai nəqliyyatdan daha çox istifadə etməyə yönəltməkdir. Beləliklə, nəqliyyat sisteminin daha səmərəli və nizamlı şəkildə fəaliyyət göstərməsi hədəflənir".
Bu fikirləri Operativ Media-ya açıqlamasında nəqliyyat eksperti Yasin Mustafayev deyib.
O bildirib ki, bu məhdudiyyət eyni zamanda ictimai nəqliyyatın işini optimallaşdırmaq, yollarda hərəkət intensivliyini azaltmaq və ekoloji yükü minimuma endirmək üçün atılmış addımdır:
“Hazırda təxminən 25 minə yaxın taksi fəaliyyət göstərir. Qaydalara əsasən, bu limit dolduqdan sonra yeni taksilər üçün buraxılış kartı və ya lisenziya verilməyəcək. Yalnız fəaliyyət göstərən taksi sayı azaldıqda, yəni 25 minin altına düşdükdə, növbəlilik prinsipi əsasında yeni müraciət edənlərə icazə veriləcək. Bu, həm taksi bazarında nizamın qorunmasına, həm də xidmət keyfiyyətinin tənzimlənməsinə xidmət edir.
Nəticə etibarilə, qoyulan limit sərnişindaşıma sahəsində tarazlığı qorumaq, taksi sayının nəzarətdə saxlanması və ictimai nəqliyyatın inkişafına şərait yaratmaq məqsədi daşıyır”.
