Ekvador Prezidenti Daniel Noboa Los-Rios əyalətinə səfəri zamanı ona təqdim edilən məhsullarda aşkarlanan zəhərli maddələrin miqdarını istehsal səhvi ilə izah etməyin mümkün olmadığını bildirib.
Operativ Media xəbər verir ki, Daniel Noboa bunu CNN telekanalına müsahibəsində deyib. “Məhsullarda üç müxtəlif kimyəvi birləşmənin çox yüksək dozaları aşkarlanıb. Bu qədər zərərli maddələrin təsadüfən eyni məhsulda cəmlənməsi demək olar ki, mümkün deyil”, - deyə dövlət başçısı vurğulayıb.
Qeyd edək ki, Ekvador Prezidentinin təhlükəsizlik xidməti oktyabrın 17-də Babaoyo şəhərində keçirilən tədbir zamanı dövlət başçısına təqdim edilən mürəbbə və içki şüşələrində yüksək toksik xüsusiyyətə malik üç birləşmənin - tionil xlorid, xloretanol və antrasenin izlərini aşkarlayıb.
“El Universo” qəzetinin yazdığına görə, oktyabrın 21-də hadisə ilə bağlı Ekvador Cinayət Məcəlləsinin 341-ci maddəsi - dövlət başçısına sui-qəsd cəhdi üzrə araşdırma başlanıb.
Hədiyyə səbətinə daxil olan məhsulları göndərən yerli sahibkar Yolanda Penyafiel yerli mediaya açıqlamasında həmin məhsulları ev şəraitində hazırladığını və hərbçilərə təhvil verdiyini, bundan sonra isə onların aqibətindən xəbərsiz olduğunu deyib.






