Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Respublika Günü münasibətilə ölkə vətəndaşlarını təbrik edib.
Operativ Media xəbər verir ki, bu barədə Akorda məlumat yayıb.
Tokayev bildirib ki, Qazaxıstan 35 il əvvəl "Suverenlik Bəyannaməsi"ni qəbul etməklə müstəqillik yoluna qədəm qoyub və bu sənəd xalqın öz gələcəyini azad şəkildə müəyyənləşdirmək hüququnu təsbit edib:
"Bu tarixi sənəd sayəsində biz azadlıq bayrağını qaldırdıq və müasir dövlət quruculuğuna yol açdıq".
O qeyd edib ki, ötən illər ərzində ölkə çətin, lakin şərəfli bir yol keçib:
"Biz müstəqilliyimizin siyasi və iqtisadi əsaslarını möhkəmləndirdik, sərhədlərimizi müəyyən etdik, yeni paytaxtımızı inşa etdik. Ümumilli birliyi gücləndirmək və vətəndaşların rifahını artırmaq istiqamətində böyük uğurlar qazandıq. Qazaxıstan sülhsevər və balanslaşdırılmış xarici siyasəti sayəsində beynəlxalq arenada yüksək nüfuz qazanıb. Biz milli maraqlarımıza sadiq qalaraq beynəlxalq ictimaiyyətdə hörmətli dövlətə çevrildik".






