Macarıstanın baş naziri Viktor Orban noyabrın 7-də Vaşinqtonda ABŞ prezidenti Donald Trampla görüşü zamanı onu ABŞ-nin Rusiyaya qarşı tətbiq etdiyi enerji sanksiyalarından bir neçə istisna müəyyən etməyin zəruriliyinə inandırmaq niyyətindədir.
Operativ Media xəbər verir ki, bu haqda Orban "Kossuth" radiosuna açıqlamasında Ağ Evdə Trampla gözlənilən görüşü barədə sualı cavablandırarkən deyib.
Hökumət başçısı bildirib ki, o, Amerika liderinə bunun Macarıstanın enerji təhlükəsizliyinin qorunması üçün vacib olduğunu izah etməyə çalışacaq.
“Macarıstan birbaşa dəniz çıxışı olmayan daxili ərazidə yerləşir”, – deyə Orban xatırladıb.
Onun sözlərinə görə, bu səbəbdən ölkə neft və qaz təchizatı üçün boru kəmərlərinə etibar etmək məcburiyyətindədir. O əlavə edib ki, amerikalılar bu çətinliklərdən xəbərdar olmalıdırlar. “Əgər ABŞ-nin Rusiyaya tətbiq etdiyi sanksiyalardan azad olmaq istəyiriksə, bunu sənədlərlə əsaslandırmalıyıq”, – deyə o bildirib.
Oktyabrın 22-də ABŞ Maliyyə Nazirliyi “Rosneft”, “Lukoyl” və onların 34 törəmə müəssisəsini noyabrın 21-də tam qüvvəyə minəcək yeni sanksiyalar paketinə daxil edib. Birləşmiş Ştatların mövqeyinə görə, bu məhdudiyyətlər Ukraynadakı münaqişə ilə bağlı Moskvaya təzyiq göstərmək məqsədi daşıyır.
Orban daha əvvəl etiraf edib ki, ABŞ-nin Rusiya neft-qaz şirkətlərinə qarşı yeni sanksiyaları uzunmüddətli müqavilələr əsasında enerji təchizatının əsas hissəsini Rusiyadan almaqda davam edən Macarıstanın maraqlarına zərər vura bilər.
Rusiya prezidenti Vladimir Putin isə ABŞ-nin yeni sanksiyalarının ölkənin “iqtisadi rifahına” ciddi təsir göstərməyəcəyini bildirib. O, həmçinin qeyd edib ki, ABŞ administrasiyasının bu addımları iki ölkə arasındakı münasibətlərə mənfi təsir edir.






