Latviya İstanbul Konvensiyasından çıxır

Əziz Əzizli
Latviya İstanbul Konvensiyasından çıxır

Latviya Seymi (parlamenti) Avropa Şurasının Qadınların Zorakılıqdan Müdafiəsi haqqında İstanbul Konvensiyasının denonsasiyasına səs verib.

Operativ Media xəbər verir ki, bu haqda "Delfi" portalı məlumat yayıb.

Məlumata görə, parlamentdə qərarla bağlı müzakirələr 12 saatdan çox davam edib. Qərar müxalifət partiyaları olan Vahid Siyahı, Milli Alyans, Sabitlik, Latviya Birinci, Yaşıllar və Fermerlər İttifaqı tərəfindən dəstəklənib.

Lehinə səs verən deputatlar hesab edirlər ki, İstanbul Konvensiyası ənənəvi ailə dəyərlərinə ziddir, çünki sənəddə “gender” anlayışı bioloji cins deyil, sosial konstruksiya kimi müəyyən edilib.

Bundan əvvəl Almaniya, Fransa, Böyük Britaniya və digər 12 ölkənin diplomatları Seymə məktubla müraciət edərək, konvensiyadan çıxmaq barədə gözlənilən qərardan narahat olduqlarını bildiriblər. Latviya Prezidenti Edqars Rinkeviçin isə qanunun dərc edilməsi və ya yenidən baxılması üçün Seymə qaytarılması barədə qərar vermək üçün 10 günü var.

İstanbul Konvensiyası 2011-ci ildə imzalanıb və üç il sonra qüvvəyə minib. Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınmasını və nəzarət altına alınmasını nəzərdə tutan müqaviləni 39 Avropa ölkəsi, eləcə də Gürcüstan ratifikasiya edib. Hazırda konvensiyanı denonsasiya edən yeganə ölkə Türkiyədir.

Digər xəbərlər