Tikinti materiallarının bahalaşması əmlak bazarında qiymət artımını sürətləndirir - İqtisadçı

Son aylarda tikinti materiallarının qiymətində müşahidə olunan artım daşınmaz əmlak bazarında yeni qiymət dalğası yaradıb. İstər yeni tikililərin, istərsə də təmir olunan fərdi yaşayış evlərinin maya dəyəri tikinti materiallarından birbaşa asılı olduğu üçün bu dəyişiklik bazarı ümumi şəkildə bahalaşma istiqamətinə aparır.
Mövzu ilə bağlı Operativ Media-ya iqtisadçı ekspert Eyyub Kərimli danışıb.
O bildirib ki, tikinti materiallarının qiymətinin artması bir neçə istiqamətdə bazara təsir göstərir:
“İlk olaraq bu artım daşınmaz əmlakın qiymətlərinin yüksəlməsinə səbəb olur. Çünki həm yeni inşa olunan binaların, həm də fərdi yaşayış evlərinin maya dəyərinin formalaşmasında tikinti materiallarının payı mühüm rol oynayır.
Ölkəmizdə tikinti materiallarının bir qismi daxili istehsal hesabına təmin olunsa da, müəyyən hissə xaricdən idxal olunur. Xüsusilə təmir və bəzək materiallarının əhəmiyyətli qismi idxaldan asılıdır. Bu kateqoriyada qiymət artımı birbaşa ümumi təmir xərclərinin yüksəlməsinə səbəb olur və nəticə etibarilə əmlak bazarına da təsir edir.
Hazırda bəzi tikinti materiallarında müşahidə olunan ciddi qiymət artımı bazarda təklifin azalması ilə də əlaqələndirilir. Təklifin azalması və maya dəyərinin yüksəlməsi ümumi qiymət artımını daha da sürətləndirir. Bu proses tikinti sektorunun digər alt sahələrinə də zəncirvari təsir göstərir”.
