Heydər Əliyev siyasətinin bu günü: Dövlət quruculuğunda qoyduğu izlər
"Dövlətçilik strategiyası, Azərbaycan dövlətçiliyinin inkişafındakı çoxşaxəli xidmətləri və uzaqgörən strateji qərarları sayəsində Ümummilli Lider Heydər Əliyev XX əsrdə bəşəriyyətin yetişdirdiyi böyük dövlət xadimləri sırasında layiqli yerini tutmuşdur."
Bu sözləri Operativ Media-ya açıqlamasında Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev bildirib.
"Heydər Əliyevin dövlətçilik məfkurəsi yalnız siyasi idarəetmənin təkmilləşdirilməsi ilə məhdudlaşmır, onun milli ideologiyası və dövlətçiliyimizin inkişafı prinsipləri müasir Azərbaycan cəmiyyətinin formalaşmasına ciddi töhfə verməkdədir.
Azərbaycanın müstəqillik dövründə formalaşan siyasi idarəetmə və inkişaf modeli 1990-cı illərin mürəkkəb geosiyasi mühitində Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın nəticəsidir. Bu strategiyanın əsas elementlərini qısa formada aşağıdakı kimi ümumiləşdirmək olar:
● dövlət idarəçiliyində institusional sabitliyin təmin edilməsi,
● cəmiyyətin milli birliyinin və sosial konsolidasiyanın möhkəmləndirilməsi,
● iqtisadiyyatın diversifikasiyası və investisiya mühitinin yaxşılaşdırılması,
● milli maraqlara əsaslanan xarici siyasət kursunun və çevik diplomatiyanın formalaşdırılması.
Heydər Əliyevin milli maraqlara əsaslanan, çoxvektorlu xarici siyasət kursu müasir Azərbaycanın regional və qlobal miqyasda mövqelərinin möhkəmlənməsinə bu gün də töhvə verməkdədir. Ümummilli Liderin düşünülmüş çoxşaxəli diplomatik fəaliyyətləri gənc müstəqil dövlətimizin beynəlxalq birliyə inteqrasiya imkanlarını genişləndirmişdir. Heydər Əliyevin formalaşdırdığı xarici siyasət kursunun mahiyyəti əsasən aşağıdakı əsas istiqamətlərdə özünü göstərirdi:
Həm daxili, həm də xarici siyasətdə dövlət müstəqilliyinin qorunması və suverenliyimizin təmin edilməsi ali məqsəd idi. Bu kontekstdə Heydər Əliyevin xarici siyasətinin başlıca məqsədi beynəlxalq təzyiqlər və regional risklər fonunda Azərbaycanın müstəqilliyini gücləndirmək, onun suveren qərarvermə imkanlarını təmin etmək idi.
Ermənistan–Azərbaycan münaqişəsinin həllində prinsipial mövqe beynəlxalq müstəvidəki fəaliyyətin əsasında dururdu.
Xarici siyasətin prioritet istiqaməti Ermənistanın təcavüzü və işğalı nəticəsində yaratdığı dövlətlərarası münaqişənin beynəlxalq hüququn prinsipləri, BMT TŞ-nin 1993-cü il Qətnamələri əsasında həllinə nail olmaq, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin edilməsi və bu məsələlərdə dövlətimizin haqlı mövqeyinə dünya ictimaiyyətini dəstəyini təmin etmək idi.
Azərbaycanın eyni vaxtda müxtəlif güc mərkəzləri – qonşu dövlətlər, Qərb ölkələri, regional təşkilatlar və qlobal aktorlarla balanslaşdırılmış münasibət qurması əsas prioritetlərdən birini təşkil edirdi. Bu yanaşma ölkəni geosiyasi rəqabətin obyektinə deyil, subyektinə çevirdi.
Enerji resurslarının istehsalı və nəqlinin xarici siyasət alətinə çevrilməsi bütün sahələrdə uğurlarımıza yol açdı.
Xəzər enerji yataqlarının beynəlxalq bazarlara çıxarılması Azərbaycanın iqtisadi inkişafını təmin etməklə yanaşı, ölkənin strateji tərəfdaşlıq əlaqələrini möhkəmləndirdi və onu regional enerji təhlükəsizliyinin əsas iştirakçısına çevirdi.
Regional və qlobal əməkdaşlığın genişləndirilməsi və Heydər Əliyevin şəxsi nüfuzu müstəqil Azərbaycanın nüfuzunun artması üçün baza rolunu oynayırdı.
Xəzər regionunda və daha geniş coğrafiyada əməkdaşlıq platformalarının yaradılması, beynəlxalq təşkilatlarda fəallığın artırılması Heydər Əliyevin siyasətinin mühüm komponentləri sırasında idi.
Bu uğurlar və onların Prezident İlham Əliyevin tərəfindən davamlılığının təmini nəticəsində 1997–2025-ci illər ərzində Azərbaycan Respublikası 25 dövlətlə strateji tərəfdaşlıq haqqında sənəd imzalamışdır. Bu dövlətlərin 10-u Avropa İttifaqının üzvü olan dövlətlərdir. Torpaqlarımız işğal altında olan zaman strateji tərəfdaşlıq münasibətlərinin qurulmasında əsas məsələ Ermənistan–Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq tanınmış sərhədləri çərçivəsində, xüsusi ilə BMT Təhlükəsizlik Şurasının 1993-cü il qətnamələri əsasında həllinə birmənalı dəstəyin təmin edilməsi idi. Bu prinsipial və güzəştəgedilməsi heç bir halda mümükn olmayan mövqeni Ümummilli Lider Heydər Əliyev müəyyənləşdirmişdi.
Prezident İlham Əliyev də məhz bu prinsipiallığın və ardıcıl xarici siyasət kursunun təmin edilməsini Azərbaycan diplomatiyasının qarşısında hədəf kimi qoymuşdu.
Azərbaycanın bu gün əldə etdiyi nailiyyətlər Heydər Əliyevin müəyyən etdiyi inkişaf xəttinin ardıcıl davam etdirilməsinin nəticəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan genişmiqyaslı layihələr və siyasi-iqtisadi transformasiyalar Ulu Öndərin strateji vizyonunun aktuallığını və davamlılığını təsdiqləyir"-, deputat qeyd edib.
