"İmişli"nin baş məşqçisi: “Bu oyunda qalibiyyətə daha çox layiq olan tərəf biz idik”
“İmişli”nin baş məşqçisi Jorj Kaşkilya “Karvan-Yevlax”la keçirilən oyundan sonra jurnalistlərə açıqlama verib.
Operativ Media xəbər verir ki, mütəxəssis qarşılaşmanın nəticəsinin gözlədikləri kimi olmadığını bildirib. Onun sözlərinə görə, oyun planı və meydanda nümayiş etdirilən performans baxımından qalibiyyətə daha çox “İmişli” layiq idi:
“Açığı, oyun nəticəsi gözlədiyimiz kimi olmadı. 90 dəqiqə ərzində daha istəkli, daha çox mübarizə aparan və oyunu qurmağa çalışan tərəf biz idik. Bu baxımdan hesab edirəm ki, qalibiyyət məhz bizim komandaya daha çox yaraşırdı”.
Kaşkilya havanın və meydanın vəziyyətinin oyuna ciddi təsir etdiyini vurğulayıb. O qeyd edib ki, ağır meydan şəraiti komandanın oyun qurmasını çətinləşdirib:
“Meydanın ağır olması səbəbindən oyunu qurmaq bizim üçün xeyli çətin idi. Buna baxmayaraq, birinci hissədə 3–4, hətta 5 təhlükəli qol epizodu yaratdıq. Təəssüf ki, onlardan yalnız birini qola çevirə bildik. Əgər bu imkanlardan yararlansaydıq, oyunun taleyini artıq ilk hissədə həll edə bilərdik”.
Baş məşqçi əks-hücumların birində buraxılan qolun nəticəyə təsir etdiyini də bildirib. Onun sözlərinə görə, ikinci hissədə meydanın vəziyyəti daha da ağırlaşıb və bu, texnikaya əsaslanan komanda üçün əlavə çətinlik yaradıb:
“İkinci hissədə də hücum edirdik, qol axtarırdıq və qələbə qolunu vurmaq üçün sona qədər çalışdıq. Lakin meydanın vəziyyəti birincidən də çətin idi və bu, oyunumuzu qurmağı daha da mürəkkəbləşdirirdi”.
Sonda Jorj Kaşkilya futbolçularının çıxışından razı qaldığını qeyd edib:
“Futbolçularımı göstərdikləri rəqabətli və döyüşkən oyuna görə təbrik edirəm. Onlar oyunun ilk dəqiqəsindən son saniyəsinədək maksimum güclərini ortaya qoydular. Məqsədimiz 3 xal idi, 1 xalla kifayətləndik. Amma bu oyunda qalibiyyətə daha çox layiq olan tərəf biz idik”.