"İnter Mayami" "Barselona"nın daha bir futbolçusunu transfer etmək istəyir
MLS-in hazırkı çempionu "İnter Mayami" "Barselona"dan polşalı hücumçu Robert Levandovskini transfer etməklə klubun hücum xəttini gücləndirmək niyyətindədir.
Operativ Media "Fichajes"ə istinadən xəbər verir ki, Xavyer Maskeranonun rəhbərlik etdiyi klub Levandovskini səkkiz dəfə "Qızıl top" mükafatı qazanan Lionel Messi ilə yanaşı hücum xəttinə əlavə oyunçu kimi görür. Rəhbərlik 37 yaşlı hücumçunu transfer etməklə əsas MLS matçlarında komandanın səviyyəsini yüksəltmək istəyir.
Levandovskinin "Barselona" ilə müqaviləsi 2026-cı ilin yayında başa çatır və o, azad agent kimi MLS-ə keçə bilər. Polşalı hücumçu rəqabətli futbolu rahat şərait və sabit media mühiti ilə birləşdirə biləcəyi bir klub axtarır.
Hücumçu 2022-ci ildən bəri "Barselona"da çıxış edir, 100-dən çox oyun keçirib və 60-dan çox qol vurub. Bu mövsüm o, 17 oyunda iştirak edib, səkkiz qol vurub və iki məhsuldar ötürmə edib.