"Milyonçu" şousundan məşqçiliyə gedən yol - Valdas Dambrauskas
Litvalı mütəxəssisi Valdas Dambrauskasun rəhbərlik etdiyi "Sabah" futbol üzrə Azərbaycan Premyer Liqasında "Qarabağ"ı 2-1 hesabı ilə məğlub edib. Onun məşqçilik karyerası kifayət qədər qeyri-adi şəkildə başlayıb.
Operativ Media xəbər verir ki, “FourFourTwo” futbol jurnalınin 2022-ci ilin yanvar sayında xatırladılır ki, mühəndislik diplomuna malik olan və vaxtilə Litvanın üçüncü liqasında futbol oynamış Valdas Dambrauskas 2002-ci ildə, 25 yaşında “Sesi Nuliai – Milijonas” adlı televiziya viktorinasında iştirak edib. Bu proqram Azərbaycanda "Milyonçu” adı ilə tanınan verilişin analoqu hesab olunur.
Jurnalın yazdığına görə, Dambrauskas verilişdə 4 min Litva litası qazanıb ki, bu da təxminən Azərbaycan məzənnəsi ilə 3000 manat edir.
“Bu məbləğ o dövrdə Litvada bir illik əməkhaqqına bərabər idi”, – deyə Dambrauskas 2022-ci ildə “FourFourTwo” jurnalına müsahibəsində bildirib. O, qazandığı pulla sevgilisi (hazırda həyat yoldaşı) ilə birlikdə İngiltərəyə köçüb və London Metropolitan Universitetinin idman elmləri və məşqçilik ixtisasına daxil olub.
“Pul təxminən bir ay kifayət etdi, sonra məcbur olub yarımştat işlərdə çalışdım”, – deyə mütəxəssis xatırlayıb. Onun sözlərinə görə, həmin dövrdə gözlənilməz bir fürsət yaranıb və o, “Mançester Yunayted” klubunun futbol akademiyalarında məşqçi kimi işə qəbul olunub.
“O zaman ingilis dilini yaxşı bilmirdim, amma onlara müsbət təsir bağışladım və məni işə götürdülər”, – deyə Dambrauskas qeyd edib. Daha sonra o, “Brentford” və “Fulhem” klublarında təcrübə keçib və 2007-ci ildə doqquzuncu liqada çıxış edən “Kingsbury London Tigers” klubunda ilk baş məşqçi təyinatını alıb. Paralel olaraq, 2009-cu ildən etibarən Litvanın U-17, U-18 və U-19 milli komandalarında da çalışıb, ardınca isə ölkəsində “Ekranas” klubunda əvvəl köməkçi, daha sonra isə baş məşqçi olub.
Dambrauskas 2014–2017-ci illərdə “Jalgiris”i, növbəti üç il ərzində isə Latviyanın RFS klubunu çalışdırıb. O, 2020-ci ildə təxminən bir il Sloveniyanın HNK “Qoritsa” klubunun baş məşqçisi olub, daha sonra Bolqarıstanın “Ludoqorets” və Xorvatiyanın “Hayduk Split” klublarına rəhbərlik edib.
Litvalı mütəxəssis 2022-ci ilin payızında Yunanıstana yollanaraq OFI Krita klubunun baş məşqçisi olub və 14 ay sonra postundan ayrılıb. Bundan sonra yarım ildən çox işsiz qalan Dambrauskas 2024-cü ilin yayında Kiprin “Omoniya” klubuna baş məşqçi təyin edilib, lakin noyabrın 29-da vəzifəsindən uzaqlaşdırılıb.
Daha sonra Macarıstanın "Diosgyor" klubunu çalışdıran Dambrauskasın bu klubda da karyerası qısa çəkib.
1 iyul 2025-ci ildə isə "Sabah" klubuna keçən mütəxəssis 22 oyunda komandanın başında olub. 13 qələbə, 5 heç-heçə və 4 məğlubiyyətlə yadda qalan baş məşqçi bu mövsüm komandasını turnir cədvəlinin ilk pilləsinə daşımağı bacarıb