Professor Ağacan Abiyevin şərəfinə boks turniri yekunlaşıb
Bakı Şəhər Gənclər və İdman İdarəsinin və Azərbaycan Boks Federasiyasının birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi”, “Əməkdar Elm Xadimi”, “Şöhrət”, “Şərəf” və I dərəcəli “Vətənə xidmətə görə” ordenli, professor Ağacan Abiyevin şərəfinə həsr olunmuş boks üzrə turnir dünən – 19 dekabr 2025-ci il tarixində final mərhələsi ilə başa çatıb.
Operativ Media xəbər verir ki, final qarşılaşmaları saat 15:00-da keçirilib. Turnir çərçivəsində 17 çəki dərəcəsi üzrə görüşlər baş tutub və idmançılar yüksək səviyyəli mübarizə nümayiş etdiriblər.
Saat 16:00-da keçirilən ilkin mükafatlandırma mərasimində qalib və mükafatçılara diplom, medal və hədiyyələr təqdim olunub. Eyni zamanda, yarışın keçirilməsində əməyi olan hakim heyətinə sertifikat və hədiyyələr verilib.
Yarışın yekununda ümumi nəticələrə əsasən ən çox birinci yer tutan komandalar kubokla mükafatlandırılıb.
Turnir Azərbaycan boksunun inkişafına, gənc idmançıların idman təcrübəsinin artırılmasına və sağlam rəqabət mühitinin formalaşmasına xidmət edib.