Menyu

Dövlət başçısının rəhbərliyi ilə qeyri-neft sektoru sürətlə inkişaf edir - Deputat

Operativ Media
Dövlət başçısının rəhbərliyi ilə qeyri-neft sektoru sürətlə inkişaf edir - Deputat
5 yanvarda Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi geniş müsahibədə iqtisadi məsələlərə də geniş yer verildi. Dövlət başçımızın qeyd etdiyi kimi, 2025-ci il ölkəmiz üçün hər bir sahədə olduğu kimi iqtisadi sahədə də uğurlu olub. Belə ki, iqtisadi artım təxminən 2% təşkil etsə də, qeyri-neft sektorunda artım 3,6%-dən çox olmuşdur.

Bu sözləri Operativ Media-ya açıqlamasında deputat Azər Badamov deyib.

Millət vəkili bildirib ki, ölkənin valyuta ehtiyatları 80 milyard dollardan çox olmaqla, xarici dövlət borcu bu göstəriciyə nisbətən 16 dəfədən çox aşağıdır:

“Beynəlxalq reytinq təşkilatları “Fitch” və “Moody’s”in verdiyi hesabata görə, Azərbaycanın investisiya reytinqi yüksək səviyyədədir. Bu o deməkdir ki, Azərbaycanın iqtisadiyyatı dinamik inkişaf edir və investisiyaların cəlb edilməsi üçün optimal mühitə malikdir.

Sosial sahədə də bir çox islahatlar və layihələr icra olunub. Son 7 ildə maliyyə tutumu 8 milyard manat və əhatə dairəsi 4 milyon nəfər olan 5 sosial paket həyata keçirilib. Vətəndaşların pensiyaları, müavinətləri və təqaüdləri mütəmadi olaraq artırılır. Bu, dövlət siyasətinin təməlində vətəndaşın rifahının dayandığını bir daha təsdiqləyir.

Azərbaycan bərpaolunan enerji sektorunu sürətlə inkişaf etdirir. Bu sektora həm dövlət büdcəsindən 3 milyard manata yaxın vəsait ayrılır, həm də xarici investisiyalar yatırılır və özəl sektor cəlb olunur. Hədəflər isə 2030-cu ilə qədər 6 qiqavat, 2032-ci ilə qədər isə 8 qiqavat bərpaolunan enerji istehsal etməkdir. Bərpaolunan enerji resurslarının istehsalı ilə bağlı xəritə artıq tərtib olunub və yeni günəş və külək stansiyalarının tikintisi sürətlə davam edir. Bərpaolunan enerji gücünün çoxalması böyük həcmdə təbii qaza qənaət olunmasına imkan verəcək və bu da ölkəmizə daha böyük həcmlərdə qaz ixrac etməyə şərait yaradacaq.

Azərbaycanın iqtisadi gücünün artmasında əsas rol oynayan layihələrin sırasında beynəlxalq logistik nəqliyyat dəhlizləri xüsusilə qeyd edilməlidir. Dövlət başçımızın uzaqgörənliyi ilə ərsəyə gəlmiş Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri, o cümlədən Orta dəhlizin inkişafı və Zəngəzur dəhlizinin açılması ölkəmizin iqtisadi gücünü daha da artıracaq. Həmçinin, Xəzərin dibi vasitəsilə Mərkəzi Asiya ölkələrindən fiber-optik kabel ilə rəqəmsal dəhlizin yaradılması, bərpaolunan enerji kabelinin çəkilməsi və Qara dəhlizin dibi vasitəsilə Avropaya qədər uzadılması ölkəmizin iqtisadi olduğu qədər siyasi gücünü də möhkəmləndirəcək.

Ümumiyyətlə, deyə bilərəm ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan nəinki regionda, hətta dünyada günbəgün daha çox parlayır. Bu isə hər bir Azərbaycan vətəndaşını qürurlandırır".

Əlaqəli Xəbərlər