Ayxan Abbasov: “Gənc futbolçuların çıxışı ümidvericidir”
Seçim zamanı futbolçuların çox olması bizim üçün xoş olar.
Operativ Media xəbər verir ki, bunu Azərbaycan millisinin və “Şamaxı” klubunun baş məşqçisi Ayxan Abbasov “CBC Sports” kanalına müsahibəsində deyib.
Mütəxəssis Antalyada keçirilən yoldaşlıq görüşlərini izlədiklərini bildirib:
“Antalyada baş tutan yoldaşlıq oyunlarını izləməyə çalışdıq. Köməkçilərimlə birlikdə buradayıq. Həqiqətən də futbolçularımızı bu görüşlərdə iş başında görmək istəyirdik. Bilirsiniz ki, yoldaşlıq matçlarında hər kəsə şans verilir. Dünən yaxşı hal oldu ki, 45 dəqiqə ərzində bütün futbolçular meydanda oldular. Bəzi oyunçular fasilədən sonra istirahət etsələr də, klublarında mövsümə yaxşı start veriblər. Bu, diqqətimizi çəkdi. Eyni zamanda bəzi futbolçulara da şans verildi”.
Ayxan Abbasov gənc futbolçuların çıxışından razı qaldığını vurğulayıb:
“Ad çəkmək istəmirəm, amma dünən ‘Zirə’də gənc futbolçular yaxşı çıxış etdilər. Ümid edirəm ki, çempionatda daha çox şans qazanacaq və oynamağa davam edəcəklər. Bizim üçün də xoş olar ki, seçim zamanı futbolçuların sayı çox olsun”.
Baş məşqçi “Şamaxı”nın hazırlıq prosesinə də toxunub:
“Bilirsiniz ki, "Şamaxı" ilə də toplanışdaydıq. "Sabah"la yoldaşlıq görüşü keçirdik. Fasilədən istifadə edərək bura gəldik. Birinci dövrəni ümumilikdə normal qiymətləndirirəm, amma daha yaxşı da ola bilərdi. Qarşımıza qoyulan məqsədlərə çatmaq üçün bu nəticə qənaətbəxşdir. Futbolçularla söhbətlərdə bildirdik ki, qış fasiləsindən sonra bizi daha çətin dövr gözləyir. Bu temp davam etdirilməlidir. Gənc oyunçular var ki, onların daha stabil çıxış etməsini istəyirik. Məhz buna görə qışdan sonrakı mübarizəyə ciddi hazırlaşırıq”.
Ayxan Abbasov heyət və çempionatdakı rəqabət barədə də danışıb:
“Yəqin ki, bu heyətlə yolumuza davam edəcəyik. Gənc futbolçularla bağlı müəyyən təkliflər var. Əgər onlar bu təklifləri dəyərləndirsələr, biz də uyğun addımlar atacağıq. Rəqiblər güclənir, transferlərinə baxanda bunu açıq şəkildə hiss edirik. Qış fasiləsindən sonra həm Premyer Liqada qalmaq uğrunda, həm də medallar uğrunda mübarizə çox çətin olacaq. Bu isə ümumilikdə futbolumuzun və çempionatımızın xeyrinədir”.