Menyu

"Arsenal"ın mütəxəssisi "Sabah"a Bakıda məşq keçdi

Operativ Media
"Arsenal"ın mütəxəssisi "Sabah"a Bakıda məşq keçdi

Məşhur aut (throw-in) üzrə mütəxəssis, Jürgen Klopp ilə çalışmış və hazırda “Arsenal”la əməkdaşlıq edən Thomas Grønnemark Azərbaycanda səfərdə olub.

Operativ Media xəbər verir ki, o bu haqda "Linkedin" hesabında paylaşım edib.

Mütəxəssis bu həftə “Sabah” FC-də aut üzrə məşqçi kimi fəaliyyət göstərdiyini bildirib. O, Bakı təəssüratlarını və klubdakı təcrübəsini belə ifadə edib:

“Bu həftə Azərbaycanda, ‘Sabah’ FC-də aut üzrə məşqçi kimi çalışmaq mənim üçün böyük şərəf oldu və bu, sözün əsl mənasında ömürlük bir təcrübə idi".

Grønnemark qeyd edib ki, klubda ona ailənin bir üzvü kimi yanaşılıb və komandaya özünün “Uzun, Sürətli və Ağıllı aut” fəlsəfəsi əsasında məşqlər keçirib. Onun sözlərinə görə, məşq prosesi aşağı, orta və yüksək mürəkkəblik səviyyəli tapşırıqların, eyni zamanda müxtəlif intensivliklərin balansı üzərində qurulub. Bu yanaşma mütəxəssisin 9 sahədən ibarət “Mürəkkəblik–İntensivlik modeli”nə əsaslanıb.

Thomas Grønnemark futbol dünyasında autların standart məşq elementi kimi qəbul olunmasında öncül simalardan biri hesab olunur. O, müxtəlif illərdə Jürgen Klopp-un rəhbərliyi altında “Liverpul”da çalışıb, hazırda isə “Arsenal”la əməkdaşlıq edir. Bununla yanaşı, “Atletiko Madrid”, “Ayaks”, “Borussiya Dortmund”, bir sıra milli komandalar və Avropa klubları ilə işləyib.

Mütəxəssis Bakıya dair təəssüratlarını da bölüşüb:

“Qaldığım şəhər – Bakı – həqiqətən möhtəşəmdir. Tarixi və müasir memarlığın vəhdəti, mehriban insanlar, dadlı mətbəx və dəniz kənarında yerləşməsi bu şəhəri xüsusi edir. Əgər indiyə qədər Bakıda olmamısınızsa, mütləq ziyarət etməyi tövsiyə edirəm.”

Sonda Thomas Grønnemark onu aut üzrə məşqlər keçmək üçün dəvət etdiyinə görə “Sabah” FC-yə təşəkkür edib.

Əlaqəli Xəbərlər