“Qarabağ” – “Ayntraxt Frankfurt” oyunu üçün satılan bilet sayı açıqlandı

UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Ayntraxt Frankfurt” oyunu üçün indiyədək 24 500 bilet satılıb.
Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Klub azarkeşlərə müraciət edərək bildirir ki, biletlər məhdud sayda qalıb və qarşılaşmanı stadiondan izləmək istəyənlər tələsməlidirlər. Çempionlar Liqası həyəcanı Tofiq Bəhramov adına Respublika stadionunda yaşanacaq.
Standart sektorlar üzrə biletlərin qiymətləri 10, 15, 25, 35, 40, 50 və 75 AZN təşkil edir. VIP sektorlar üçün biletlər 200, 250, 300 və 400 AZN, VVIP sektorlar üçün isə 1000 AZN-dir.
Qeyd olunur ki, biletlər yalnız iTicket.az platforması — sayt və mobil tətbiq vasitəsilə satışa çıxarılıb. Onlayn bilet alışı zamanı çətinlik yaranarsa, azarkeşlər iTicket.az-ın satış məntəqələrinə, Park Bulvar ticarət mərkəzində yerləşən “Qarabağ” FK-nın Fan-Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilərlər.
Xatırladaq ki, “Qarabağ” – “Ayntraxt Frankfurt” oyunu böyük maraq doğurur və stadionun tam dolacağı gözlənilir.