Menyu

Millinin üzvü: “Əsas istəyimiz müdafiədə diqqətli olmaq və sürətli hücuma çıxmaqdır”

Operativ Media
Millinin üzvü: “Əsas istəyimiz müdafiədə diqqətli olmaq və sürətli hücuma çıxmaqdır”

Yanvarın 22-də və 24-də Azərbaycan futzal millisi yoldaşlıq oyunları çərçivəsində Danimarka yığması ilə qarşılaşacaq.

Operativ Media xəbər verir ki, komandanın hazırlıq prosesi ilə bağlı millimizin təcrübəli üzvü Oktay Rüstəmli azfutzal.az-a açıqlama verib.

O, hazırlığın plan üzrə davam etdiyini bildirib:

“Hazırlığımız davam edir. Yanvarın 18-dən məşqlər qrafikə uyğun şəkildə keçirilir. Heyətimizdə gənc futzalçılar da var. Baş məşqçinin konkret tələbləri mövcuddur. Əsas istəyi müdafiədə diqqətli olmaq, səhvsiz oynamaq və sürətli hücuma çıxmaqdır. Elə etməliyik ki, top daha çox bizdə qalsın. Məşqlərdə məhz bunların üzərində işləyirik”.

Rüstəmli qeyd edib ki, standart vəziyyətlərə də xüsusi diqqət ayrılır:

“Standart vəziyyətlərlə bağlı tapşırıqlar yerinə yetiririk. Məşqlərlə yanaşı, nəzəri məşğələlərimiz də olur. Fiziki hazırlığımız yaxşıdır. Çalışırıq ki, yeni ildə doğma meydanda keçirəcəyimiz ilk oyunları qələbə ilə başa vuraq”.

Təcrübəli futzalçı Danimarka millisinin son illərdə inkişaf etdiyini vurğulayıb:

“Düzdür, reytinq baxımından bizdən geridə olduqları üçün DÇ-2028-in ilkin mərhələsindən mübarizəyə başlayacaqlar. Amma rəqibin oyununu izləmişik. Baş məşqçimiz analiz aparıb, videoları göstərib, zəif tərəflərini izah edib və bundan necə istifadə etməli olduğumuzu məşqlərdə üzərində işləyirik”.

Sonda o, oyunların əhəmiyyətinə toxunub:

“Yoldaşlıq oyunları əsasən rəsmi matçlara hazırlıq üçündür. Ona görə bəzən nəticə ikinci plana keçir. Əsas məqsəd baş məşqçinin istədiklərini meydanda düzgün yerinə yetirməkdir. Çətin oyunlar olacaq, amma istənilən halda azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik”.

Əlaqəli Xəbərlər