Elvin Cəfərquliyev: “Bu oyun yaddaşlardan silinməyəcək”

“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev avrokubok matçından sonra “CBC Sports” kanalına müsahibə verib.
Operativ Media xəbər verir ki, o, ilk növbədə Azərbaycan xalqını və “Qarabağ” azarkeşlərini təbrik edib:
“Bütün Azərbaycan xalqını və ‘Qarabağ’ azarkeşlərini ürəkdən təbrik edirəm. Doğrudan da, bu, unudulmaz bir gecə və unudulmaz bir oyun idi. Stadiona gələrək bizi dəstəkləyən azarkeşlərə xüsusi təşəkkürümü bildirirəm. Soyuq havaya baxmayaraq, sona qədər yanımızda oldular”.
Cəfərquliyev oyunun çətin məqamlarına da toxunub:
“İkinci qolu buraxdıqdan sonra oyunda qırılma anı yaşana bilərdi. Amma şükürlər olsun ki, komanda təslim olmadı. Oyun ərzində içimdə bir hiss var idi ki, biz bu görüşdə qalib gələ bilərik. Ümid var idi və biz bunu bacardıq. Bu oyun yaddaşlardan silinməyəcək. Çünki böyük ölçüdə pley-off mərhələsinə vəsiqə qazanmışıq”.
Futbolçu rəqibin gücünü də qeyd edib:
“Belə oyunlarımız çox olub, bundan da böyük komandalara qarşı oynamışıq. Bugünkü rəqib də həqiqətən çox güclü komanda idi, keyfiyyətli futbolçuları var. Bu oyuna yüksək motivasiya ilə çıxmışdıq, əhval-ruhiyyəmiz çox yaxşı idi. Nəticədə hər şey bizim üçün uğurlu alındı”.
Elvin Cəfərquliyev qarşıdakı matça da toxunaraq bildirib:
“‘Liverpul’la oyunda da əlimdən gələni edəcəyəm”.