Menyu

Qurban Qurbanov 500-cü qələbəyə çatdı

Operativ Media
Qurban Qurbanov 500-cü qələbəyə çatdı

Qurban Qurbanov baş məşqçi karyerasında 500-cü qələbəni qazanıb.

Operativ Media PFL-in mətbuat xidmətinə istinadən xəbər verir ki, “Qarabağ”ın təcrübəli çalışdırıcısının yubileyi Çempionlar Liqasının Liqa mərhələsinin VII turuna təsadüf edib.

Azərbaycan çempionu “Ayntraxt”la (Frankfurt, Almaniya) ev matçında 3:2 hesabı ilə qalib gəlib. Bu, “Qarabağ”ın Qurbanovun baş məşqçiliyi dövründə 471-ci qələbəsi olub. Mütəxəssis “Neftçi”də 25, Azərbaycan milli komandasında 4 qələbədə pay sahibi olub. Klub karyerasındakı 496 qələbədən 364-ü Premyer Liqa, 54-ü ölkə kuboku, 78-i avrokuboklarda qeydə alınıb. Mütəxəssisin 500-cü qələbəsi karyerasındakı 857-ci matça təsadüf edib. O, komandaları ilə keçirilən oyunların 58,34 faizində qalib gəlib.

Qeyd edək ki, Qurbanov baş məşqçi kimi ilk qələbəsini 2006/07 mövsümündə “Neftçi”nin “sükanı arxası”nda əldə edib. 2006-cı il avqustun 6-da “Gənclərbirliyi”ni qəbul edən paytaxt təmsilçisi böyük hesabla qalib gəlib – 6:1.

Çempionlar Liqasında 150-ci qol

Azərbaycan klublarının UEFA Çempionlar Liqasında vurduğu qolların ümumi sayı 150-yə çatıb. Yubiley qolunu Bəhlul Mustafazadə vurub.

“Qarabağ”ın müdafiəçisi Liqa mərhələsinin VII turunun “Ayntraxt”la (Frankfurt, Almaniya) ev matçında qələbə topunun müəllifi olub – 3:2. Azərbaycan komandaları qitənin ən nüfuzlu klub turnirinin təsnifat və əsas mərhələlərinə keçirilən 116-cı matçda 150-yə çatıb.

Bu qollara 7 komanda imza atıb. “Qarabağ” hamıdan çox – 110 dəfə fərqlənib. “Neftçi” 18, “Bakı” 7, “Şəmkir” 6, “Kəpəz” 4, “Şamaxı” 3, “Xəzər Lənkəran” 2 qola sevinib. 150 qoldan 135-i təsnifat və pley-off, 15-i əsas mərhələlərdə (qrup və liqa) vurulub.

Qeyd edək ki, Çempionlar Liqasında Azərbaycan təmsilçilərinin ilk qoluna İmamyar Süleymanov imza atıb. O, 1998-ci il iyulun 22-də LKS (Polşa) - “Kəpəz” qarşılaşmasında (4:1) fərqlənib.

Əlaqəli Xəbərlər