"Qarabağ" hücum xəttini gücləndirir – afrikalı hücumçu gəlir
Operativ Media

“Qarabağ” transfer bazarında növbəti addımını atmağa hazırlaşır.
Operativ Media-nın məlumatına görə, Ağdam klubu hücum xəttini gücləndirmək məqsədilə Xorvatiyada çıxış edən Salim Faqo Lavalı heyətinə cəlb etməyə yaxındır.
Xorvatiyanın nüfuzlu “Sportske Novosti” nəşri yazır ki, 23 yaşlı hücumçu hazırkı klubu “İstra” ilə yaxın günlərdə yollarını ayıracaq.
Məlumata əsasən, nigeriyalı futbolçunun karyerasını məhz “Qarabağ”da davam etdirməsi gözlənilir. Bildirilir ki, “İstra” bu transferdən 2 milyon avrodan artıq gəlir əldə edəcək və bu məbləğ klub tarixində rekord satış kimi yadda qalacaq.
Qeyd edək ki, Salim Faqo Laval bu mövsüm “İstra”nın heyətində bütün yarışlarda 19 oyunda 7 qol və 2 assistlə fərqlənib. 184 sm boya sahib olan forvard ötən ilin dekabrında Nigeriya millisində ilk oyununa çıxıb. O, həmçinin Afrika Millətlər Kubokunda bir görüşdə meydana çıxmaq şansı qazanıb.