Menyu

Rəşad Sadıqov: “Son vuruşlar dəqiq olsaydı, buradan 3 xalla ayrıla bilərdik”

Operativ Media
Rəşad Sadıqov: “Son vuruşlar dəqiq olsaydı, buradan 3 xalla ayrıla bilərdik”

Misli Premyer Liqasının 17-ci turunda səfərdə “Neftçi” ilə 0:0 hesablı heç-heçə edən “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Operativ Media xəbər verir ki, mütəxəssis qarşılaşma ilə bağlı fikirlərini bölüşüb:

Səfərdə “Neftçi”yə qarşı oynayırdıq, onlar üçün də qələbə qazanmaq çox önəmli idi, istəkli idilər. Bunu anlayırdıq. Ona görə də matça ciddi hazırlaşmışdıq. Başa düşürdük ki, strateji oyundur. Birinci hissədə meydanda taktiki savaş getdi, ikinci hissədə isə daha açıq futbol oldu. İkinci yarı daha baxımlı alındı. Yaxşı epizodlarımız oldu. Son vuruşlar dəqiq olsaydı, buradan 3 xalla ayrıla bilərdik. Futbolçularımın istəyi, inamlı oyunu məni qane etdi.

“Neftçi”nin qış fasiləsindən əvvəlki və indiki vəziyyətini müqayisə edən Sadıqov bu oyunun daha çətin keçdiyini bildirib:

Bu oyun bizim üçün daha çətin keçdi. Bu gün “Neftçi” aqressiv pressinq tətbiq edirdi. Yuri Vernidubun hazırlıq keçmək üçün vaxtı olub. Meydança sulanmamışdı. Bu, hər iki komandanın oyun sürətinə təsir edirdi. İki komanda da arxadan oyun quruculuğunu sevir. O amil oyunun gedişatına təsir etdi. Bu oyun kubok matçından daha çətin idi.

Rüfət Abdullazadənin toplanışa qoşula bilməməsinə də toxunan baş məşqçi bunları deyib:

Çox istəyərdik ki, hazır olsun. Amma başa düşürdük ki, son turlarda az oynayıb. Toplanışda bizimlə olmasını istəyərdik. Müəyyən problemlərə görə bizimlə ola bilmədi.

Qış transfer pəncərəsində klubların passivliyi ilə bağlı suala isə Sadıqov belə cavab verib:

Bir çox səbəblər ola bilər. Komandalar yayda yetərincə transferlər ediblər, maliyyə xərcləyiblər. Müəyyən rüsumlar var ki, legionerlərə görə ödəmələr etməlisən. Mövsümün bitməsinə 4-5 ay qalıb. Qərar verəndə o da təsir edir. Bununla yanaşı, bazarda qıtlıqdır. Vəziyyət pisə doğru gedir. Futbol dünyada inkişaf edir. Hər il eşidirik ki, hansısa çempionatda fəallıq var, pullar artıb. Bu olduqca seleksiya etmək də çətin olur. Bütün klublarda qıtlıq var. Böyük liqaların klublarında oynayan qapıçılar, mərkəz müdafiəçiləri var. Deyirsən ki, o klublar hara, o futbolçular hara. Futbol çox inkişaf edib. Amma bazarda məhsul yetərincə deyil.

“Zirə”nin oyuna hansı məqsədlə çıxdığı barədə isə mütəxəssis qeyd edib:

“Zirə” qələbə qazanmaq istəyirdi. Amma başa düşürdük ki, qarşımızdakı rəqib “Neftçi”dir. Çox təcrübəli baş məşqçi dəvət ediblər. 3-4 həftə vaxtı var idi ki, komandanı bizimlə oyuna harılasın. Mütləq qalib gəlmək istəyirdik. Turnir cədvəlini nəzərə alsaq, heç-heçə bizim üçün pis nəticə deyil.

Hazırda turnir cədvəlində üçüncü pillədə qərarlaşmaları barədə suala isə Rəşad Sadıqov qısa cavab verib:

Bəli, razı salır.

Əlaqəli Xəbərlər