Qurban Qurbanov: “Nəticələr göstərir ki, daha aktiv olmalıyıq”

“Qarabağ” Azərbaycan Premyer Liqasının 17-ci turunda “Azersun Arena”da “Kəpəz”ə 0:2 hesabı ilə məğlub olub.
Operativ Media xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Təcrübəli mütəxəssis əvvəlcə rəqibi təbrik edib:
“Azər Bağırovu və komandasını təbrik edirəm. Yaxşı mübarizə apardılar və layiqli qələbə qazandılar. Çox istəkli idilər. Öz futbolçularıma gəldikdə isə, deyəcək bir söz yoxdur. Alınmayanda alınmır. Çempionata yaxşı başlamaq istəyirdik, amma bir daha gördük ki, asan oyun yoxdur”.
Qurbanov qeyd edib ki, bütün matçlara maksimum hazırlıq və motivasiya ilə çıxmaq vacibdir:
“Bütün oyunlara ciddi yanaşmalıyıq. Hər xal bizim üçün dəyərlidir. İndi isə qarşıdakı günlərdə ‘Liverpul’la oyuna hazırlaşmalıyıq”.
Transfer məsələlərinə də toxunan baş məşqçi danışıqların davam etdiyini bildirib:
“Danışıqlar apardığımız futbolçular var. Başa düşürük ki, komandaya yeni oyunçular lazımdır. Amma futbolçu transfer etmək elə də asan deyil. Komandalar artıq daha təcrübəlidirlər, bir-birini yaxşı tanıyırlar. Nəticələr göstərir ki, daha aktiv olmalıyıq”.
Bəhlul Mustafazadə ilə bağlı suala Qurbanov belə cavab verib:
“Maraqlanan klublar var, təkliflər gəlir. Amma hazırda bütün diqqətimiz ‘Liverpul’la oyundadır. Hələ konkret qərar verilməyib”.
Bədavi Hüseynovun zədəsinin ciddi olduğunu deyən çalışdırıcı əlavə edib:
“Bəli, ciddi görünür. Başında şiş var idi. Özüm də görüb pis oldum”.
“Ayntraxt”la oyundan sonra onu tənqid edənlərə münasibətinə gəlincə, Qurbanov haqqını hamıya halal etdiyini söyləyib:
“Haqqım varsa, halal olsun. 10-15 ildir bu hallar davam edir. Tanımadan fikir yürüdəndə belə şeylər olur. Bilmirik sabah nə olacaq”.
“Kəpəz”ə məğlubiyyətdən sonra futbolçuların cəzalandırılıb-cəzalandırılmayacağı ilə bağlı suala isə o, qısa cavab verib:
“Xeyr. Oyundan sonra futbolçulara motivasiya verdim. Futbolun gözəlliyi də bundadır ki, gözləmədiyin nəticələr olur”.
Elvin Cəfərquliyevə “Fənərbaxça”dan təklif gəlməsi ilə bağlı iddialara isə Qurban Qurbanovun cavabı belə olub:
“Məndə belə bir məlumat yoxdur”.