Qurban Qurbanov: "Bir daha böyük futbolun nə olduğunu hiss etmək üçün meydana çıxacağıq"

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının qrup mərhələsində “Liverpul”a qarşı keçiriləcək oyunla bağlı fikirlərini bölüşüb.
Operativ Media xəbər verir ki, təcrübəli mütəxəssis hava limanında jurnalistlərə açıqlamasında qarşılaşmanın çətinliyini vurğulayıb:
"Qrupun ən ciddi rəqiblərindən birinə qarşı oyuna gedirik. Özünəməxsus oyun üslubu olan, hücuma ən tez çıxan komandalardan biridir. Komandamızdakı ümumi durum pis deyil. İnanıram ki, futbolçular istəklidirlər. Danışıqlarımızda və söhbətlərimizdə də qeyd etmişik ki, ən yaxşı oyunlarımızdan birini oynamaq, sona qədər mübarizə aparmaq və bir daha böyük futbolun nə olduğunu hiss etmək üçün meydana çıxacağıq".
Qurban Qurbanov “Liverpul”un oyunlarını diqqətlə təhlil etdiklərini də bildirib:
"Liverpul"un oyunlarına baxmışıq. Çempionatda bəlkə də istədikləri qədər uğurlu nəticələri yoxdur, amma Çempionlar Liqasına baxsaq, ilk səkkizlikdə yer aldıqlarını görərik. Ən çox xal toplayan komandalardan biridir. Futbolçuları bir-birini çox yaxşı anlayır. Ümumilikdə isə sıx qrafikdə çıxış edirlər".
Baş məşqçi hər iki komandanın oxşar vəziyyətdə olduğunu qeyd edib:
"Əlbəttə, digər komandalar da onlara qarşı daha ciddi hazırlaşırlar. Çempionlar Liqasında iştirak edən komandaların 80–90 faizi demək olar ki, eyni vəziyyətdədir. Biz də sıx qrafikə görə çempionatda o qədər də inamlı çıxış etmirik. Ümumilikdə baxsaq, hər iki komandanın durumu oxşardır".
Qeyd edək ki, “Qarabağ” “Liverpul”la qrup mərhələsinin növbəti turu çərçivəsində üz-üzə gələcək.