Menyu

Qurban Qurbanov: “Liverpula qarşı sona qədər intizamlı oyun göstərməliyik”

Operativ Media
Qurban Qurbanov: “Liverpula qarşı sona qədər intizamlı oyun göstərməliyik”

"Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsində son oyununa çıxacaq. Ağdam təmsilçisi bu gün saat 00:00-da 8-ci tur çərçivəsində İngiltərənin “Liverpul” klubu ilə qarşılaşacaq.

Operativ Media xəbər verir ki, oyundan öncə keçirilən mətbuat konfransında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb. Təcrübəli mütəxəssis qarşılaşmanın əhəmiyyətinə toxunaraq komandasının yüksək motivasiya ilə meydana çıxacağını bildirib:

“Əsas mərhələnin son oyununa çıxırıq. Daim istəkli olan bir komandaya qarşı oynayacağıq. Çox istəyirik ki, sabah sona qədər intizamlı bir oyun göstərək”.

Qurban Qurbanov mümkün nəticənin futbolçuların köklənməsinə təsir edib-etməməsi ilə bağlı sualı da cavablandırıb. O qeyd edib ki, belə rəqiblərə qarşı oyunlarda əlavə motivasiyaya ehtiyac olmur:

“Biz elə bir stadionda, elə bir komandaya qarşı oynayırıq ki, oyuna tam gücümüzlə köklənməməyimiz mümkün deyil. Hər dəfə bu cür komandalarla üz-üzə gəlmək qismət olmur. Futbolçuların bütün fikri bu oyunda olacaq”.

Baş məşqçi sabahkı qarşılaşmanın karyerasındakı ən vacib sınaqlardan biri olub-olmaması barədə suala isə belə cavab verib:

“Sınaqlarımız çox olub və şükürlər olsun ki, hamısından yaxşı çıxmışıq. Təbii ki, sabah indiyə qədər qazandığımız uğurlardan daha yaxşısını əldə edə bilərik”.

“Liverpul”un son dövrlərdə müdafiədə buraxdığı səhvlərlə bağlı fikirlərinə münasibət bildirən Qurbanov rəqibə ehtiyatla yanaşmağın vacibliyini vurğulayıb:

“Mən böyük komandalarda belə problemlərin olduğunu düşünmürəm. Bu, tarixi və böyük təcrübəyə malik klubdur. Çempionlar Liqasında bu mövsüm nəticələri də kifayət qədər yaxşıdır. Rəqib nə qədər imkan verirsə, o qədər oynamaq mümkündür. Biz istədiyimiz mövqelərdən hücuma çıxmaq və topla intizamlı davranmaq üçün maksimum hazırlaşmışıq”.

Mütəxəssis oyunun həm “Qarabağ”, həm də “Liverpul” üçün fərqli məna daşımasına da toxunub. Onun sözlərinə görə, nəticədən asılı olmayaraq qarşılaşma uzun müddət yadda qalacaq:

“Əgər biz inkişaf ediriksə, daha məsuliyyətli oyunların içində olmalıyıq. Düşünürəm ki, sabahkı nəticədən asılı olmayaraq bu matçdan çox danışılacaq. Belə komandalarla oynamaq bizə böyük təcrübə qazandırır. Azərbaycanda da ‘Liverpul’u sevən azarkeşlər kifayət qədərdir. Bu oyuna maraq hər bir halda yüksəkdir”.

Qeyd edək ki, “Qarabağ” – “Liverpul” qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Əlaqəli Xəbərlər