Şahruddin Məhəmmədəliyev: "Liverpul"la oyundan sonra Qurban Qurbanov hamını danladı

Azərbaycan millisinin və "Qarabağ" klubunun üzvü Şahruddin Məhəmmədəliyev "Liverpul"la matçdan sonra Rusiyanın championat.com saytına müsahibə verib.
Operativ Media xəbər verir ki, o, "Qarabağ"ın Çempionlar Liqasındakı çıxışı və baş məşqçi Qurban Qurbanov haqda danışıb.
— “Enfild”də 0:6 hesabı ilə uduzdunuz, amma Çempionlar Liqasının pley-off mərhələsinə yüksəldiniz. Soyunub-geyinmə otağında hansı hisslər üstünlük təşkil edirdi?
— Açığı, xüsusi sevinc yox idi. Belə böyük hesabla məğlub olmaq istəmirdik. Dünya futbolunun nəhəngi ilə sona qədər mübarizə aparmağı düşünürdük. Hamımız məyus idik, amma futbol budur. Belə alındı.
— Pley-offa vəsiqəni artıq qeyd etmisiniz?
— Daha çox sevinci əvvəlki oyunda, “Ayntraxt”la qarşılaşmadan sonra yaşamışdıq. Çünki artıq 99 faiz pley-offda olduğumuzu anlayırdıq. Tam rahatlaşa bilmirdik, amma sevinclərimiz Liverpuldakından qat-qat böyük idi.
— Siz “Qarabağ”da ilk iliniz deyil. Bu uğur sizin üçün nə ifadə edir?
— Bu, bütün klubun uzunmüddətli və sistemli işinin nəticəsidir. Əlbəttə ki, baş məşqçinin rolu xüsusi vurğulanmalıdır. Qurban Qurbanovun qurduğu sistem, onun düşüncə tərzi, səbr və zəhməti olmasaydı, bunlar mümkün olmazdı. Post-sovet məkanından olan, belə büdcəyə malik bir klubun hər il avrokuboklarda çıxış etməsi belə böyük nailiyyətdir. “Qarabağ” isə bununla kifayətlənməyib, Avropanın ən güclü klubları ilə bərabər səviyyədə mübarizə apardı. Biz yalnız “Liverpul”la son oyunda uğursuz çıxış etdik, digər qarşılaşmaların hamısında isə layiqli oyun göstərdik. Bu, Azərbaycan futbolu üçün böyük tarixdir. Bəlkə indi hamı bunu tam dərk etmir, amma illər keçdikcə insanlar bu komandanın necə böyük iş gördüyünü daha yaxşı anlayacaqlar.
— Bu nəticə Azərbaycanda futbolun populyarlaşmasına təsir göstərə bilərmi?
— Dövlət başçısı tərəfindən futbola hər zaman böyük maraq olub. O, bu idman növünü sevir və daim nəticələri izləyir. Belə bir məqamdan mütləq istifadə etmək lazımdır. Ölkədə futbol bumudur, uşaqlar futbol oynamaq, məşqə getmək istəyirlər. İndi düzgün və vacib qərarlar verilməlidir. Ümid edirəm ki, Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlmək təkcə “Qarabağ” üçün deyil, ümumilikdə Azərbaycan futbolunun inkişafı üçün ciddi təkan olacaq. Bu, dönüş nöqtəsi olmalıdır. İnsanlar anlamalıdır ki, akademiyalara, gənclərə və uşaqlara yatırım etmək lazımdır. Bu, təməldir. Fürsəti qaçırmaq olmaz. İndi bütün uşaqlar futbol ulduzlarının adını çəkir, onlara bənzəmək istəyir. Uşaq futboluna sərmayə qoyub 10 il gözləmək lazımdır ki, sabah meydanda iki deyil, 11 azərbaycanlı futbolçu görək.
— Növbəti mərhələdə hansı rəqiblə qarşılaşmaq istərdiniz?
— Açığı, daha çox PSJ ilə oynamaq istərdik. Bu, Matvey Safonovla bağlı deyil, sadəcə PSJ daha ulduzlu və adlı-sanlı klubdur. Hər zaman ən güclülərlə oynamaq istəyirsən. Başa düşürük ki, həm “Nyukasl”, həm də PSJ ilə çox çətin olacaq. Amma seçmək mümkün olsa, Paris təmsilçisi ilə qarşılaşmağı üstün tutardıq.
— Komandada növbəti çağırış öncəsi ab-hava necədir?
— Düzünü desəm, hazırda əsas diqqətimizi çempionata yönəltmişik. Birinci yerdən üç xal geri qalırıq və toparlanmalıyıq. Çempionlar Liqasına həddindən artıq fokuslanmışdıq, indi isə yenidən ölkə çempionatına qayıtmalıyıq. Çempion olmaq mütləqdir və bu, hazırda pley-offdan daha vacibdir. Bayram etməyə vaxt yoxdur.
— Qurban Qurbanov “Qarabağ”da təxminən 20 ildir çalışır və indi tarixi uğura imza atıb. Onun fenomeni nədədir?
— “Qarabağ”a gələn hər kəsin — Andrey Lunyov da bunu təsdiqləyər — Qurbanov haqqında fikri eynidir. Elə insanlar var ki, onlar barədə müxtəlif düşüncələr olur, amma Qurbanov haqda hamı eyni fikirdədir: o, böyük hərflə yazılan İnsandır. Düşünürəm ki, buna görə də Allah onun zəhmətini və ədalətini mükafatlandırır. O, son dərəcə ambisiyalıdır. Hətta “Liverpul”a qarşı da qələbə qazanmaq istəyirdik. Yəqin elə buna görə də 0:6 uduzduq (gülür). Öz hücum futbolumuza sadiq qaldıq.
— Oxumuşdum ki, Qurbanov bir çox məqamı müasir “Barselona”dan götürüb.
— Bəli, o, “Barselona” sisteminin fanatıdır. Topa nəzarət, onun dəyərini bilmək kimi prinsipləri bizə aşılayır. Son dövrlərdə isə fiziki hazırlığa xüsusi diqqət yetiririk ki, Avropa səviyyəsinə uyğunlaşaq. Avropa klubları üç gündən bir oyun keçirir, biz isə belə tempə yalnız Çempionlar Liqasında, üç həftədə bir düşürük. Bu səviyyədə oynamaq üçün daha çox və daha ağır məşq etmək lazımdır.
— Qurbanov növbəti addım üçün hazırdırmı?
— O, heç vaxt dayanmaz. Mən onun özündən razı qaldığını bir dəfə də görməmişəm. Məsələn, “Liverpul”a uduzduqdan sonra soyunub-geyinmə otağında çox əsəbi idi, hamını danladı. Sonra dedi: “Yaxşı, biz pley-offdayıq, tarix yazdıq, sevinin!” Amma 0:6 hesabını hələ də qəbul edə bilmirdi. Biz ora qalib gəlmək düşüncəsi ilə getmişdik, müdafiəyə çəkilmək üçün yox.
— Pley-off mərhələsində də yanaşma eyni olacaq?
— Əlbəttə. Biz realistiksə də, “Çelsi” kimi rəqiblə oyuna “təki az qol buraxaq” düşüncəsi ilə çıxmırıq. Rəqibin kimliyindən asılı olmayaraq, hər oyunda məqsədimiz qələbə qazanmaqdır.