Menyu

"Karvan-Yevlax"ın baş məşqçisi: “Məğlubiyyəti həzm edə bilmirəm”

Operativ Media
"Karvan-Yevlax"ın baş məşqçisi: “Məğlubiyyəti həzm edə bilmirəm”

"Karvan-Yevlax" Azərbaycan Premyer Liqasının XVIII turu çərçivəsində doğma meydanda "Sumqayıt"a 0:1 hesabı ilə məğlub olub.

Operativ Media xəbər verir ki, qarşılaşmadan sonra Yevlax təmsilçisinin baş məşqçisi Füzuli Məmmədov mətbuat konfransında oyunu dəyərləndirib.

Mütəxəssis bildirib ki, komandası matça ciddi hazırlaşıb:

“Bilirdik ki, "Sumqayıt" yaxşı komandadır. Son oyunlarını təhlil etmişdik, futbolçulara səhvləri göstərmişdik. Oyunçular məşqlərdə maksimum çalışırlar, nəticə qazanmaq üçün hər şeyi edirlər. İlk hissədə müdafiədə yol verdiyimiz səhvlər oyunumuza mənfi təsir göstərdi. Evdə oynadığımız üçün hücumda çoxluq yaratmaq istədik, amma ardıcıl səhvlər etdik. "Sumqayıt"ı təbrik edirəm”.

Baş məşqçi fasilədən sonra komandasının daha yaxşı çıxış etdiyini vurğulayıb:

“Rəqibin qolundan sonra müdafiədə problemləri gördük və beşli sistemə keçdik. Daha etibarlı oynamağa çalışdıq, lakin yenə kobud səhvlər etdik”.

Füzuli Məmmədov komandanın hazırkı durumundan çıxacağına inandığını deyib:

“Sonuncu oyuna qədər eyni rejimdə hazırlaşacağıq. Mən hər zaman inanmışam. Məğlubiyyəti həzm edə bilmirəm. Bu vəziyyətdən çıxmaq üçün maksimum çalışacağıq. Rəhbərlik daim yanımızdadır, futbolçular da əllərindən gələni edirlər”.

Heyətlə bağlı sualı cavablandıran mütəxəssis transfer imkanlarının məhdud olduğunu qeyd edib:

“Təəssüf ki, cəmi 3 transfer edə bildik. Ən azı 4-5 oyunçu almaq istəyirdik, amma indiki durumda bu mümkün deyil”.

Premyer Liqadan düşmə ehtimalına da toxunan baş məşqçi belə deyib:

“Bunu həzm edə bilmərəm. Rəhbərlik futbolçuların rahatlığı üçün hər cür şərait yaradıb. Bazamız var, məşqlər yüksək səviyyədə keçirilir. Fiziki göstəricilərdə də bu gün rəqibi qabaqladıq. Qol epizodlarımız oldu. Sadəcə qalıb meydanda bunu nəticəyə çevirmək”.

Qeyd edək ki, "Karvan-Yevlax" hazırda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Əlaqəli Xəbərlər