Menyu

"Sabah"ın baş məşqçisi: “Planlaşdırdıqlarımızın hamısını meydanda icra etdik”

Operativ Media
"Sabah"ın baş məşqçisi: “Planlaşdırdıqlarımızın hamısını meydanda icra etdik”

“Sabah” Azərbaycan Premyer Liqasının 18-ci turunda səfərdə “Zirə”ni 3:1 hesabı ilə məğlub edib.

Operativ Media xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas oyundan sonra keçirilən mətbuat konfransında qələbəni şərh edib.

Litvalı mütəxəssis futbolçularını təbrik edərək komandanın oyuna yanaşmasından razı qaldığını bildirib:

“Futbolçularımı təbrik edirəm. Onların oyuna yanaşması və davranışları möhtəşəm idi. Nə planlaşdırmışdıqsa, hamısını meydanda icra edə bildik. Oyunun taleyi artıq birinci hissədə həll olunmuşdu. İlk yarıda daha çox qol vura bilərdik. ‘Zirə’ həqiqətən də güclü komandadır və hesab 2:0 olarkən onların yaxşı fürsətləri oldu. İkinci hissədə daha balanslı oyun getdi. Rəqib üzərimizə gəlməyə başladı, bizim isə son ötürmələrdə çatışmazlıqlarımız var idi. İndi isə bu oyunu unuduruq, çünki qarşıda bizi çox çətin həftə və üç ağır oyun gözləyir”.

Dambrauskas, həmçinin, “Qarabağ”ın avrokuboklardakı çıxışı ilə bağlı suala da münasibət bildirib:

“Mən daha çox öz komandamla məşğulam. Bu barədə düşünməyə vaxtımız yoxdur. Amma ‘Qarabağ’ın Avropadakı performansı çox yaxşıdır. Onları təbrik edir, uğurlar arzulayıram. Avropada Azərbaycan adı çəkiləndə ilk növbədə ‘Qarabağ’ yada düşür və onlar ölkəni layiqincə təmsil edirlər”.

Əlaqəli Xəbərlər