Rəşad Sadıqov: “Rəqib son vuruşlarda daha dəqiq idi”

“Zirə” Azərbaycan Premyer Liqasının 18-ci turunda doğma meydanda “Sabah”a 1:3 hesabı ilə məğlub olub.
Operativ Media xəbər verir ki, “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında oyunu şərh edib.
Mütəxəssis rəqibi qələbə münasibətilə təbrik edərək, qarşılaşmanın maraqlı alındığını bildirib:
“Baxımlı və maraqlı oyun oldu. Birinci hissəni 0:3 hesablı məğlubiyyətlə başa vurduq, halbuki oyun bərabər səviyyədə gedirdi. Futbolçularımın çıxışından razı qaldım. Sadəcə, rəqib düşən fürsətlərdən maksimum yararlandı, biz isə epizodları dəyərləndirə bilmədik. İkinci hissədə komanda oyundan qopmadı, sona qədər mübarizə apardı və standart vəziyyətdən qol vurduq. Amma hesabı dəyişmək çətin görünürdü. Ümumilikdə yaxşı oyunlarımızdan biri idi, lakin rəqib son vuruşlarda daha dəqiq oldu”.
Sadıqov müdafiədə buraxılan səhvlərə də toxunub:
“Burada rəqibin ustalığını da nəzərə almaq lazımdır. İlk 30 dəqiqədə xırda səhvlərimizdən istifadə edib bizi cəzalandırdılar. Futbolçular taktiki tapşırıqları yerinə yetirməyə çalışırdılar. Sadəcə, bu gün hər şey rəqib üçün uğurlu, bizim üçün isə əksinə alındı”.
Baş məşqçi ilk qoldan əvvəl mümkün əllə oyun epizodu barədə danışmaq istəmədiyini bildirib:
“Hakimlik haqda danışıb rəqibin qələbəsinə kölgə salmaq istəmirəm. Hər iki komanda yaxşı futbol oynadı. Sadəcə, son fazada rəqib daha dəqiq idi və buna görə qalib gəldi”.