Qurban Qurbanov: "İstəmirəm ki, sadə epizodlarda qırmızı vərəqə olsun"
Bu gün Misli Premyer Liqasının XVIII turu çərçivəsində "Qarabağ" doğma meydanda "Turan Tovuz"u 1:0 hesabı ilə məğlub edib.
Operativ Media xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:
"Vacib bir qələbə qazandıq. Möhkəm bir komandaya qarşı oynayırdıq. Oyunçularım xarakter göstərdilər. belə qarşılaşmalarda oyunu ələ almaq elə də asan deyil. Hər bir pauza, hər bir cərimə zərbəsi rəqibin üstülüyü demək idi. Hər bir halda futbolçularım qalib gəlmək üçün əllərindən gələni etdilər".
- Adətən Avropadakı səfər matçlarından sonra Premyer Liqada 2-ci heyətlə meydana çıxırsız. Lakin bu matçda bunu görməməyimiz çempionluq yarışındakı ciddi rəqabətin olduğu anlamına gəlirmi?
- Bəli, bu hallar çox olur. Baxmayaraq ki, Liverpuldan 6 saatlıq yol gəlmişdik. Yorğunçuluq var idi. Mənim qorxum bu qrafikdə zədə ilə bağlı idi. Şükürlər olsun ki, zədə baş vermədi. Əvvəllər də səfər matçlarından sonra əsas heyətlə oynamışıq.
- Beynəlxalq matçlardakı təcrübənizə əsaslanaraq bizim hakimlərə nə kimi tövsiyə edə bilərsiniz?
- Onlara tövsiyə etməyə ehtiyac yoxdur. Mən ancaq onlara uğurlar arzu edə bilərəm. Oyun çox dayanırdı. Elçin Məsimov oyunlarda olanda adətən mən daha çox rahat oluram. Avropa təcrübəsi çox olduğuna görə bu hiss məndə olur. Matç zamanı müəyyən emosiyalara qapılıb öz etirazımı sərt bildirdim. İlk hissədən sonra onunla söhbət etdim və etirazımın nə ilə bağlı olduğunu dilə gətirdim. Normal qarşıladı. Oyun tez-tez dayananda futbolçuların da ritmi pozulur. Amma onlar daha yaxşı bilirlər.
- İbrahima Vadji ilə bağlı qırmızı epizodu və qoldakı ofsayd şübhəsi ilə bağlı düşüncələriniz?
- Mən istəmirəm ki, sadə epizodlarda qırmızı vərəqə olsun. Həmin epizodda qırmızı vərəqə verilməməsini doğru hesab edirəm. Qoldakı ofsayd şübhəsi ilə bağlı onu deyə bilərəm ki, biz öz kameramızdan baxdıq və doğru qərar verildiyini düşünürəm.
- Çempionlar Liqasındakı uğurunuzla bağlı müəyyən klublar təbrik paylaşımı etmədilər.Bu sizi üzmür ki?
- İnanın ki, daha dərindən maraqlanmamışam kim təbrik edib, kim yox. Amma dünya praktikasında bu cür hallar var. Yəni rəqabət olan yerdə bunu normal qarşılayıram.
- "Sabah"ın bu cür yüksəlişi sizi çempionluq yarışında həyacanlandırırmı?
- "Sabah"ın yüksəlişi təbii ki, bizi bir komanda olaraq narahat edir. Amma digər tərəfdən də sevindirir ki, bu rəqabət bizi də irəliyə doğru aparır.
- "Nyukasl"la matçdan əvvəl "Şamaxı" və "İmişli" ilə səfər qarşılaşmalarınız var. Bu stadionlarda oynamaq zədələnmə riski ilə əlaqədar sizi narahat edirmi?
- Çox narahatam. "Nyukasl"la matçdan əvvəl 2 Şamaxı səfərimiz var, biri kubokda biri çempionatda. "İmişli" ilə matçda da Qubadakı meydançanın vəziyyəti bizi narahat edir. Müəyyən rotasiyalar olacaq, amma müəyyən futbolçuların oyun təcrübəsinə ehtiyac var.