Qurban Qurbanovun bəhs etdiyi yeni transfer kimdir?
“Qarabağ” yaxın zamanda heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Operativ Media-nın məlumatına görə, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov “Turan Tovuz” üzərində 1:0 hesablı qələbədən sonra keçirilən mətbuat konfransında transfer planlarını açıqlayıb.
Təcrübəli mütəxəssis Jeremi Qnalinin Bakıya gələcəyini təsdiqləyib.
Bəs Jeremi Qnali kimdir?
23 yaşlı fransalı oyunçu əsasən müdafiənin sol cinahında çıxış edir. O, hazırda Kiprin “AEK Larnaka” klubunun üzvüdür və tərəflər arasındakı müqavilənin müddəti cari mövsümün sonunda başa çatır.
Qnali 2024-cü ilin payızında İspaniyanın “Tarazona” klubundan “AEK Larnaka”ya transfer olunub. Bundan əvvəl o, İspaniyada “Melilya”nın da formasını geyinib. Futbolçu peşəkar karyerasına isə Fransada “Metz” klubunun U-19 və ehtiyat komandalarında başlayıb.
Fransalı müdafiəçi “AEK Larnaka”nın heyətində keçirdiyi 60 qarşılaşmada 7 məhsuldar ötürmə ilə yadda qalıb. Transfermarkt portalına görə, onun hazırkı bazar dəyəri 450 min avro təşkil edir.