Azərbaycan idmançıları “Budapest Open” beynəlxalq turnirində medal qazanıblar
Operativ Media
Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən "Budapest Open" beynəlxalq turnirində Azərbaycan idmançıları uğurla çıxış ediblər.
Operativ Media xəbər verir ki, böyüklər kateqoriyasında idmançılarımızdan Sənan Babazadə (+85 kq) savatın assault növü üzrə bürünc medal qazanıb. Ramiz Mehdiyev (+85 kq) savatın kombat növü üzrə gümüş medal əldə edib.
Gənclər arasında Fərid Kərimli (+85 kq) savatın kombat növü üzrə, Əli Rəhimsoy (50–55 kq) və Ayxan Hümbətov (55–60 kq) isə savatın assault növü üzrə bürünc medal qazanıblar.
Kadetlər kateqoriyasında Mirhadi Süleymani (25–30 kq) savatın assault növü üzrə qızıl medal əldə edib. Əlikram Qocayev (45–50 kq) savatın kombat növü üzrə kubok döyüşünün qalibi olub.