XRİTDX “İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyasını istifadəyə verib
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) təşəbbüsü və dəstəyi ilə Bakı Ali Neft Məktəbində (BANM) “İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyasının fəaliyyətə başlaması ilə əlaqədar açılış mərasimi keçirilib.
Operativ Media xəbər verir ki, tədbirdə XRİTDX-nin rəisi general-leytenant İlqar Musayev, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi general-mayor Davud Rüstəmov, SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva, BANM-in rektoru Elmar Qasımov, İqtisadiyyat Nazirliyinin Rəqəmsal idarəetmə şöbəsinin müdiri Anar Nərimanov, Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutunun (ICI Bucharest) elmi direktru Carmen Elena Cirnu və digər qonaqlar iştirak ediblər.
“İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyası XRİTDX ilə BANM arasında imzalanmış Əməkdaşlıq haqqında Memorandum çərçivəsində və Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası”nın aidiyyəti tələblərinə uyğun olaraq qurulub. Laboratoriyanın texniki imkanlarının artırılması, xüsusi proqram təminatları və əlavə avadanlıqlarla təchiz edilməsi istiqamətində işlər İqtisadiyyat Nazirliyi ilə birgə davam etdiriləcəkdir.
Yaradılmış laboratoriya universitetdə təhsil alan tələbə, müəllim və tədqiqatçılarla yanaşı, dövlət qurumlarının əməkdaşlarının istifadəsi üçün də nəzərdə tutulub. Burada mütəxəssislər beynəlxalq standartlara uyğun kiberinsident ssenariləri üzərində birgə işləmək, XRİTDX tərəfindən təşkil olunacaq təlimlərdə iştirak etmək və praktik təcrübə əldə etmək imkanı qazanacaqlar. Bu yanaşma laboratoriyanı tədris məkanı ilə yanaşı, kibertəhlükəsizlik üzrə əməliyyat hazırlığının yoxlanıldığı və təkmilləşdirildiyi test platformasına — kadr hazırlığı bazasına çevirir.
Laboratoriyanın açılış mərasimindən sonra NATO-nun Sülh və Təhlükəsizlik naminə Elm Proqramı çərçivəsində XRİTDX-nin və Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu ilə birgə icra olunan “Cyber Polygon” layihəsi üzrə ilk təlim keçirilib. “Cyber Polygon” XRİTDX-nin beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirdiyi qabaqcıl kibertəlim və sınaq platformasıdır. Bu platforma vasitəsilə kritik informasiya infrastrukturlarına yönəlmiş real kiberhücum ssenariləri modelləşdirilir, müdafiə mexanizmləri sınaqdan keçirilir və insidentlərə operativ reaksiya bacarıqları formalaşdırılır.
“İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyası ali təhsil müəssisəsində informasiya təhlükəsizliyi sahəsində praktik yönümlü tədrisin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.