AQTA yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirilib.
Operativ Media-ya bu barədə AQTA-dan məlumat verilib.
İclasda əvvəlcə İctimai Şuranın sədri, Şuranın sədr müavini və Şuranın katibinin seçilməsi məsələsinə baxılıb.
Səsvermə yolu ilə Azərbaycan Dövlət İqtisad Universitetinin nümayəndəsi Mehriban Məhərrəmova Şuranın sədri, media nümayəndəsi Pərvin Abbasov Şuranın sədr müavini, “Qadın və Uşaqların İnnovativ Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin sədrinin müavini Aytac Zülfüqarlı isə Şuranın katibi seçilib.
İclasda qida təhlükəsizliyi sahəsində hazırda icra edilən və gələcəkdə həyata keçirilməsi planlaşdırılan tədbirlərlə bağlı məsələlər müzakirə olunub. Eyni zamanda, istehlakçılar arasında sağlam qidalanmanın təşviqi, sahibkarlar tərəfindən qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələblərinə əməl olunmasının vacibliyi, İctimai Şura tərəfindən bir sıra mövzularda maarifləndirmə işlərinə dəstəyin göstərilməsi və ictimaiyyətə zəruri tövsiyələrin verilməsinin önəmi diqqətə çatdırılıb.
Daha sonra Şuranın gələcək fəaliyyəti və digər cari məsələlərlə bağlı müzakirələr aparılıb.