Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Bu barədə Operativ Media-ya AMEA-dan məlumat verilib.
Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, eləcə də AMEA-nın Rəyasət Heyəti aparatının şöbə müdirləri, elmi müəssisə və təşkilatların direktorları və aidiyyəti şəxslər iştirak ediblər.
Əvvəlcə AMEA-nın müxbir üzvü Elşad Qurbanova ölkəmizdə elm və təhsilin inkişafındakı xidmətlərinə görə AMEA-nın Fəxri fərmanı təqdim olunub.
İclasda müzakirəyə çıxarılan ilk məsələ Azərbaycan Respublikası Prezidentinin “Böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi haqqında” 28 yanvar 2026-cı il tarixli Sərəncamının icrasından irəli gələn vəzifələr haqqında olub. Məsələ ilə bağlı çıxış edən akademik İsa Həbibbəyli bildirib ki, Sərəncamda AR Mədəniyyət Nazirliyinə Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Xaqani Şirvaninin 900 illik yubileyinə dair Tədbirlər planının hazırlanaraq həyata keçirilməsi tapşırılıb. Akademik İsa Həbibbəyli AMEA-nın sözügedən sənədin əsas icraçılarından biri kimi müəyyən edilməsinin dövlətimizin başçısının Azərbaycan alimlərinə, Akademiyaya göstərdiyi hörmət və inamının ifadəsi olduğunu deyib və cənab Prezidentə dərin minnətdarlığını bildirib.
Akademik İsa Həbibbəyli vurğulayıb ki, son illərdə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Nəsimi İli”, “Nizami Gəncəvi İli”, “Heydər Əliyev İli” elan olunub, həmçinin bir çox tarixi görkəmli şəxsiyyətlərin yubileyləri yüksək səviyyədə qeyd edilib. Dövlətimizin siyasətinə uyğun olaraq, AMEA-da son illərdə həyata keçirilən islahatlardan birinin də ədəbi, tarixi şəxsiyyətlərə qayıdış konsepsiyası olduğunu deyən akademik İsa Həbibbəyli görkəmli tarixi şəxsiyyətlərimizin irsinin yenidən Azərbaycan cəmiyyətinə təqdim edildiyini söyləyib.
Ötən müddət ərzində Xaqaniyə həsr edilmiş az sayda əsərin ortaya qoyulduğunu deyən akademik İsa Həbibbəyli onlardan Qafar Kəndlinin “Xaqani Şirvani (həyatı, dövrü və mühiti)” əsərinin xüsusilə fərqləndiyini, Ədəbiyyat İnstitutu tərəfindən həmin nəşrə ədibin epik, lirik və qəsidə yaradıcılığına dair 3 fəslin əlavə olunaraq 5 il öncə yenidən çap edildiyini bildirib. Həmçinin 2017-ci ildə Şabranda Ədəbiyyat İnstitutu və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə Xaqani Şirvaniyə həsr olunmuş elmi konfransın keçirildiyini, Xaqaninin Şabranda həbsdə olduğu zaman saxlanıldığı ehtimal olunan zindanın qalıqları üzərində xatirə lövhəsinin qoyulduğunu söyləyib.
Akademik İsa Həbibbəyli cari il ərzində Xaqani Şirvaninin “Töhfətül-İraqeyn” əsərinin şərhlər verilməklə ilk dəfə çap olunacağını diqqətə çatdırıb. Bundan əlavə, Humanitar və İctimai Elmlər bölmələrinin birgə təşkilatçılığı ilə Akademiya səviyyəsində, o cümlədən Şamaxıda konfransların keçirilməsinin, Xaqaninin kimliyi, əsərlərinin təhlili ilə bağlı alimlərimizin mətbuatda məqalələrlə çıxışlarının nəzərdə tutulduğunu vurğulayıb.
AMEA rəhbəri diqqətə çatdırıb ki, dövlət başçısının Sərəncamı Azərbaycan ədəbiyyatı və mədəniyyətinin qızıl dövrünə mənsub, ümumbəşər mədəni irsimizin formalaşmasında mühüm rol oynamış görkəmli söz ustası və mütəfəkkiri Xaqani Şirvaninin zəngin həyat və yaradıcılığının müasir elmi-metodoloji yanaşmalar əsasında sistemli şəkildə araşdırılmasına, onun ictimai-fəlsəfi, humanist və vətənpərvərlik ideyaları ilə zəngin irsinin müstəqilliyimizin yaratdığı geniş elmi və mədəni imkanlar kontekstində hərtərəfli tədqiq və təbliğ olunmasına imkan verəcək.
Qeyd olunanları nəzərə alaraq, AMEA-nın elmi bölmələrinə, müəssisə və təşkilatlarına, regional elmi bölmə və mərkəzlərinə Xaqani Şirvaninin 900 illiyinin qeyd edilməsi ilə bağlı AMEA-nın Tədbirlər planının hazırlanması üçün təkliflərin Rəyasət Heyətinə təqdim edilməsi qərara alınıb.
İclasda müzakirə edilən növbəti məsələ Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı hazırlığın vəziyyəti haqqında olub. Dövlət başçısının “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” 22 oktyabr 2025-ci il tarixli Sərəncamından irəli gələrək Akademiyada artıq geniş işlərə başlanıldığını deyən akademik İsa Həbibbəyli AMEA-nın Tədbirlər planı çərçivəsində bir sıra monoqrafiyaların nəşri nəzərdə tutulub və artıq onlardan 3 kitab çapdadır. AMEA rəhbəri Qurultayın 100 illik yubileyinin yüksək səviyyədə keçirilməsi məqsədilə zəruri addımların atıldığını, Türk dünyasından, Avropa ölkələrindən çox sayda tədqiqatçının yubiley tədbirində iştiraka maraq göstərdiklərini söyləyib. Akademik İsa Həbibbəyli bu çərçivədə Türkiyənin Yunus Əmrə İnstitutu və digər qurumlarla sıx əməkdaşlıq edildiyini diqqətə çatdırıb.
Rəyasət Heyətinin qərarı ilə Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə hazırlıqla bağlı akademik İsa Həbibbəylinin sədrliyi ilə AMEA-da komissiya yaradılıb.
İclasda müzakirə edilən növbəti məsələ AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Toponimika şöbəsinin adının dəyişdirilərək Onomastika adlandırılması haqqında olub. Akademik İsa Həbibbəyli bildirib ki, dövlət başçısının AMEA-nın 80 illik yubileyindəki nitqində Azərbaycan dilinin saflığının qorunması ilə bağlı qarşıya qoyduğu tapşırıqlardan irəli gələrək Akademiyada dərhal bir sıra addımlar atılıb. Qeyd edib ki, Toponimika şöbəsinin funksiyalarının genişləndirilməsi və adının dəyişdirilərək Onomastika adlandırılması atılmış addımların məntiqi davamıdır. AMEA rəhbəri diqqətə çatdırıb ki, həmçinin gələcəkdə şəxs adlarının qoyulması ilə bağlı tövsiyə kitabı hazırlanaraq aidiyyəti qurumlara təqdim olunacaq.
Müzakirələrdən sonra Rəyasət Heyətinin qərarı ilə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Toponimika şöbəsinin adı dəyişdirilərək Onomastika şöbəsi adlandırılıb.
İclasda, həmçinin AMEA-nın Rəyasət Heyəti aparatının İnsan resursları şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Aynur Mahmud Azərbaycan Respublikasının Əmək Məcəlləsində edilmiş dəyişikliklərlə bağlı məlumat verib.
Daha sonra AMEA-nın Rəyasət Heyəti aparatının Rəqəmsal akademiya, süni intellekt və elektron xidmətlər şöbəsinin yeni Əsasnaməsi təsdiqlənib. Həmçinin AMEA-nın akademik-katibi akademik Arif Həşimov Türkiyədə “Beynəlxalq Qara dəniz Rize Ayder Forumu”nda iştirakının yekunları haqqında məlumat verib.
İclasda, o cümlədən akademik Cəmil Əliyevin 80, AMEA-nın müxbir üzvü Hacı Ağabəy Sultanovun 90, AMEA-nın müxbir üzvü Amin İsmayılovun isə 75 illik yubileyləri haqqında qərarlar qəbul olunub.