Tokayev İlham Əliyevi Şeyx Zayed İnsan Qardaşlığı Mükafatına layiq görülməsi münasibətilə təbrik edib
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Şeyx Zayed İnsan Qardaşlığı Mükafatının təqdim edilməsi mərasiminin iştirakçılarına videomüraciət göndərib.
Operativ Media xəbər verir ki, bu barədə "Akorda" məlumat yayıb.
Tokayev Əbu-Dabidə keçirilən mərasimdə nümayiş etdirilən videomüraciətdə Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı Şeyx Zayed İnsan Qardaşlığı Mükafatına layiq görülmələri münasibətilə təbrik edib.
“Azərbaycan və Ermənistanın sülh sazişi istiqamətində əldə etdiyi irəliləyiş tarixdə dönüş nöqtəsidir. Bu addım göstərir ki, hətta uzun müddətdir davam edən münaqişələr belə dialoq, məsuliyyət və təmkin yolu ilə həll edilə bilər. Qarşıdurmanın artdığı və bölünmə xətlərinin dərinləşdiyi bir dövrdə bu təcrübə barışığın zəiflik əlaməti deyil, gücün sübutu olduğunu göstərir”, - Kasım-Jomart Tokayev bildirib.
Müraciətdə Qazaxıstana göstərilən etimadı, o cümlədən Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının əsas mərhələlərindən birinin Almatıda keçirilməsi qərarını yüksək qiymətləndirdiyi vurğulanır.